"Bank VTB (Azərbaycan)" ASC-də yeni təyinat olub. Belə ki, bankın İdarə Heyətinin üzvü vəzifəsinə risklər və monitorinq departamentinin direktoru Vadim Klimenko təyin edilib.
Bankdan verilən məlumata görə, bu vəzifədə V. Klimenko risklərin idarə olunması və problemli kreditlərə cavabdeh olacaq.
V. Klimenko fərqlənmə diplomu ilə Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə Dövlət İqtisad Universitetini, eləcə də Biznesin İdarəedilməsi ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda iqtisadiyyat və maliyyə istiqamətində “Executive MBA” üzrə "University of Chicago"da təhsilini davam etdirir.
2005-ci ildən Azərbaycanın iri banklarından birində maliyyə və risklərin idarəedilməsi departamentlərində rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildən isə "Bank VTB (Azərbaycan)"ın risklər və monitorinq departamentinə rəhbərlik edir.