Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Bank Standard" QSC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərinə müraciət edib.
Fonddan bildiriblər ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə "Bank Standard" QSC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu oktyabrın 4-dən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Bununla əlaqədar olaraq, fond ləğvedici müflis elan edilmiş bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72-ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
Ləğv prosesində olan "Bank Standard"a borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.