“Bank Respublika” ASC 2017-ci il ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.
FED.az Banka istinadən xəbər verir ki, 2017-ci ildə “Bank Respublika”nın xalis əməliyyat mənfəəti 8,6% artaraq 4.9 mln. manat təşkil edib.
Bundan əlavə, Banka əmanətlərini etibar edən müştərilərin sayında və əmanətlərin məbləğində də artım müşahidə olunub. Belə ki, 2017-ci ilin nəticələrinə görə kredit təşkilatındakı fiziki şəxslərin depozit portfeli 3,5% artaraq 196,637 mln. manat təşkil edib. Ümumi depozit portfeli isə ötən ilin sonunda 2,7% artaraq 474,801 mln. manat olub.
Hesabat tarixinə “Bank Respublika”nın aktivləri 702 mln. manat, kredit portfeli 229 mln. manat təşkil edib. Kredit portfelinin keyfiyyətinin təhlili, vaxtı keçmiş kreditlərin həcminin azalmasını göstərir. Bu göstərici rüb ərzində 13%-dən 10%-ə düşüb ki, bu da bank sektorunda aşağı göstəricilərdən biri olmaqla yanaşı, maliyyə qurumun müsbət maliyyə nəticələrini və dayanıqlığını göstərən əsas amillərdən biridir.
Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank il ərzində 15 mln. manatlıq ehtiyatların yaradılmasına qərar vermişdir. Nəticədə bank ili 10,5 mln. zərərlə başa vurub.
“Qeyd etmək istərdim ki, bank 2017-ci ildən əvvəl verilmiş kreditlər üzrə yarana biləcək risklərin qarşısını almış oldu. Bununla bağlı kapitalın artımı barədə qərar qəbul edilib. Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin 10 Fevral 2018-ci ildə bitməsini nəzərdə tuturuq. Nizamnamə kapitalının 10 mln. manat artırılaraq 67,5 mln. manata çatdırılması gözlənilir.
Nizamnamə kapitalın artımı, bankın bazardakı mövqelərinin güclənməsinə yönəlmiş inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Bu investisiyalar bankın dayanıqlı inkişafına və etibarlığının möhkəmlənməsinə töhfəsini verəcək. Əlavə cəlb olunmuş vəsaitlər hesabına, bank bazarda yeni və innovativ layihələrin həyata keçirilməsini və müştərilərə təqdim olunan məhsulların yenilənməsini planlaşdırır.” - deyə, “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov bildirib.
Xatırladaq ki, “Bank Respublika” 22 may 1992-ci il tarixdə Azərbaycan Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və 25 ildir ki, “Sizə Faydalı” şüarı ilə effektiv maliyyə xidmətləri göstərir. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun “üzvü Sparkassen International Development Trust”.