“Bank Respublika” və “Rabitəbank” ATM şəbəkəsini birləşdirdi. FED.az İnterfaxa istinadən xəbər verir ki, bu barədə “Bank Respublika”dan məlumat verilib.
“İki bankın birləşməsi nəticəsində bankomat şəbəkəsi ümumilikdə 91-ə çatdırılıb”, - deyə məlumatda deyilir.
Buna əsasən, “Bank Respublika”nın bütün əməkhaqqı kart istifadəçiləri “Rabitəbank” ATM-lərindən vəsaiti 0% komissiya ilə nağdlaşdıra bilərlər. Bankın digər kartları ilə nağdlaşdırma zamanı 1% komissiya tutulacaq.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və respublikanın 20 aparıcı bankları sırasına daxildir.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanda aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT var. Bankın səhmdarlarının 84%-i sahibkar Natiq Quliyev və ailə üzvlərinə məxsusdur.