Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb.
Bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2,00 (iki) manat olan 3.500.000 (üç milyon beş yüz min) ədəd adi sənədsiz adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.
Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 mln. manata qədər yüksələcək. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir.
Məlumat üçün bildirək ki, bankın səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.
"QIRMIZI ZONA"DA İDİ
Məlumat üçün bildirək ki, bankın Səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın Nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılmışdı. Lakin Bank ötən iki il ərzində böyük məbləğlərdə zərərlər etdiyindən məcmu kapital minimum tələb olan 50 milyon manatdan aşağı düşmüşdür. Qanunvericiliyə görə, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankın lisenziyası ləğv edilə bilər.
"AGBank” 2016-cı ildə 35 milyon 630 min manat zərər etməsinin ardından, 2017-ci ildə də 6 milyon 688 min manat zərər edib. Nəticədə “AgBank”ın yığılmış cəmi zərəri 67 milyon 178 min manata qalxıb. Yığılmış zərər Bankın 102 milyon 200 min manatlıq nizamnamə kapitalının böyük hissəsini silib. Bankın xüsusi kapitalı 41 milyon 881 min manata, cəmi balans kapitalı isə 47 milyon 174 min manata düşüb. Nizamnamə kapitalının 7 milyon manat artırılmasından sonra Bankın məcmu kapitalı 50 milyon manatı üstələyəcəkdir.