“AFB Bank” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
Elnur Qurbanov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. Bu barədə “AFB Bank”ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Zaur Qaraisayev “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsini bitirmiş Z.Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2002 - 2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2010-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2017-ci ilin yanvar ayından "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müşaviri olub.
Qeyd edək ki, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsindən məzun olmuş Elnur Qurbanov 1999 – 2002-cı illərdə “KPMG Azerbaijan”, 2002 – 2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olub. Elnur Qurbanov 2003-cü ildən Londonda yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib. V.Eynullayev isə “Gilan Holdinq” MMC-də maliyyə məsələləri üzrə məsul şəxs təyin olunması ilə əlaqədar “AFB Bank” ASC-də fəaliyyətini bundan sonra Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.
Xatırladaq ki, 28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankının 253 saylı lisenziyasını almış “AFB Bank” ASC 2009-cu ilin fevralından fəaliyyətdədir. “AFB Bank” ASC-nin xidmət şəbəkəsi mərkəzi ofisdən başqa 10 filialı, 3 şöbəni, 1 mübadilə şöbəsini və 50 ATM-i özündə birləşdirir.
Report©