“AccessBank” QSC 2017-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın hesabatlarına görə, cari ilin yanvar-iyun ayları ərzində “AccessBank”ın faiz gəlirləri 55 milyon 731 min manat təşkil edib. Bank qeyri-faiz əməliyatları üzrə 4 milyon 375 min manat zərər edib.
Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 16 milyon 853 min manat əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 26 milyon 86 min manat ayırıldığından bankın zərəri 42 milyon 939 min manata qalxıb.
30 İyun 2017-ci il tarixində “AccessBank” QSC 872 milyon 635 min manat cəmi aktivlərə, 807 milyon 266 min manat cəmi öhdəliklərə və 65 milyon 369 min manat cəmi balans kapitalına malik olub. Bank ötən ilin sonunda 1 milyard 58 milyon 871.7 min manat cəmi aktivlərə, 1 milyard 6 milyon 411 min manat cəmi öhdəliklərə və 52 milyon 460 min manat cəmi kapitala malik idi. Kapitalın artması nizamnamə kapitalının artırılması ilə bağlıdır.
İlin birinci yarısında “AccessBank”ın xalis kredit portfeli 598 milyon 794 min manatdan 507 milyon 163 min manata düşüb, depozit portfeli isə 284 milyon 846 min manatdan 313 milyon 463 min manata qalxıb. Kredit portfelinin azalması kreditlərə tələbin azalması ilə əlaqədardır.
XARİCİ BORCLARINI QAYTARIR
“AccessBank” digər maliyyə müəssisələrindən (banklardan başqa) aldığı kreditlərin xeyli hissəsini qaytarıb. Bankın belə kredit borcu 511 milyon 151 min manatdan 347 milyon 574 min manata düşüb. Subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri 79 milyon 681.5 min manatdan 69 milyon 791 min manata geriləyib.
KAPİTALI ARTIRILIR
15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarların 34.85 mln manat məbləğində 8.2 mln yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mmilyon manata artırılmışdı. Bu il də Bankın nizamnamə kapitalının artırılacağı gözlənilir.
Birinci yarımildə Mərkəzi Bank “AccessBank”a 20 milyon manat borc verib. Beləliklə AMB-nın banka qarşı tələbləri 10 milyon manatdan 30 milyon manata yüksəlib.
Marja©