Azərbaycan bankları ölkədə kolloektor fəaliyətinin faktiki olaraq qadağan edilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
FED.az xəbər verir ki, dekabrın 8-də Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun iclası keçirilib. İclasda 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmədə nümayəndəliklə bağlı dəyişikliklərin bank sektorunda yarada biləcəyi çətinliklər müzakirə olunub. Yarana biləcək çətinliklərə qarşı görülməli olan tədbirlər və əlaqədar məsələylə bağlı suallar ətrafında fikir mübadiləsi aparılıb. Xatırladaq ki, həmin dəyişikliklərə görə, 1 yanvar 2018-ci il tarixindən etibarən bankları məhkəmələrdə yalnız işçiləri və vəkillər təmsil edə bilər. Deməli, borclular haqda məlumat artıq heç bir halda digər üçüncü şəxslərə, o cümlədən kollektorlara ötürülə bilməz.
Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev də bankların vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə etməsini tənqid edərək, kollektorların fəaliyyətinin qanunsuz olduğunu bildirmişdi. Palata nümayəndəsi bildirmişdi ki, «bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər». Bununla əlaqədar olaraq ABA-da keçirilən iclasda qərara alınıb ki, ABA tərəfindən problemli kreditlərlə bağlı məhkəmə işlərinin mövcud qanunvericilik əsasında məhkəmədənkənar həlli üsullarının tətbiqi mexanizmləri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunsun. Bununla yanaşı, məhkəmədə bankların təmsilçiliyi ilə bağlı məsələlərdə banklararası təcrübə mübadiləsinin həyata keçirilməsinə qərar verilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.
«Qanuna dəyişiklik bizə çətinlik yaradacaq» - BANKLAR TOPLANDI
17:59
12 Dek 2017