Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyətini dayandırmış “DəmirBank”ın kreditorlarına müraciət edib. FED.az-ın xəbərinə görə, müraciətdə deylir ki, Bakı Apellyasiya Məhkəməsi “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.
Fond bildirir ki, «Banklar haqqında» Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən (“Xalq Qəzeti”nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:
Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.
Əlavə məlumatlar ücün əlaqə nömrələri:
( 99412) 444-71-71
( 99412) 447-77-44;
596-65-91.
Qaynar xətt – 941.