Bütün dünya ölkələrinin vətəndaşları, kreditləşmənin müsbət və mənfi tərəflərindən artıq xəbərdardır. FED.az Banker.az-a istinadən xəbər verir ki, fiziki şəxslər və eləcə də bir çox şirkətlər, bankın kredit xidmətlərindən daşınmaz əmlak, nəqliyyat vasitələri və digər bir çox istehlak mallarını almaq məqsədilə istifadə edirlər. Eyni zamanda, bu borc pul mənzilin təmir işlərinə və ya turistik səyahətlərə xərclənə bilər. Lakin kağız bürokratiyasından başqa, kreditlərlə bağlı bir neçə maraqlı faktlar var.
Kreditin meydana gəlməsi
İlk kredit borcu Babilistanda və Assuriyada meydana gəlmişdir. Bu fakt keçirilən tədqiqatlarla təsdiq olunur. Eramızdan əvvəl səkkizinci əsrdə kreditləşmə ilə pulverənlər məşğul olmuşlar. Onlar əhaliyə öz maliyyə dəstəyini təklif edərək, buna görə faiz götürürdülər. Artıq o dövrlərdən başlayaraq, insanların əksəriyyəti “xudu” adlanan bank biletlərdən istifadə edirdi. “Xudu” qiymətli kağızların atası sayılır.
İlk ipoteka
İlk ipoteka Qədim Yunanıstan ərazisində meydana gəlmişdir. Borcalan götürdüyü pulu vaxtında qaytarmadığı halda, kreditor onun torpaq sahəsi üzərində “hypotheke” tablosunu qoyurdu. Bu, ipoteka deməkdir. Kredit ödənilmədiyi halda, torpaq sahəsi borcalanın əlindən alınırdı.
Tarixdə ilk bank
Rəsmi olaraq kreditləşmə ilə məşğul olan ilk şirkət Banca Monte dei Paschi di Siena olmuşdur. Bu bank İtaliya ərazisində, 1472-ci ildə təsis edilib.
Marketinq erasının başlanğıcı
Kredit məhsulları haqqında ilk reklam 1730-cu ildə meydana gəlmişdir. İlk reklamverən isə Christopher Thornton olub. O, şəhərin mərkəzi meydançasında dayanaraq şəhər sakinlərinə mebel əşyalarını kreditlə almağı təklif edirdi. XVIII əsrin kreditləşməsi bir qədər fərqli olmuşdur, belə ki, kredit borcu həftədə bir dəfə ödənilməli idi.
Kredit bürosu
İlk kredit bürosu XIX əsrdə təsis edilmişdir. Bu şirkətin əməkdaşları tacir və müəssisələr haqqında məlumatların toplanması ilə məşğul olurdular. Toplanmış məlumatlar potensial borcalanın loyallığını təsdiq edirdi.
Kredit brokeri
Kredit brokeri – bank və kredit götürən şəxs arasında vasitəçi rolunda çıxış edən təşkilatdır. Amerika ərazisində kredit əməliyyatlarının 90%-i “borcalan – kredit brokeri – kredit verən şirkət” sisteminə uyğun gəlir. Avropa ərazisində bu göstərici 50-80% təşkil edir.
Belə çıxır ki, kredit biznesinin tarixi kifayət qədər maraqlıdır və öz başlanğıcını bəşəriyyətin tarixi kimi qədim dövrlərdən götürür.