«Bankdan kredit götürmüş bəzi müştərilər maliyyə çətinliyi ilə üzləşəndə ödənişləri tam dayandırmağa və bankdan gizlənməyə çalışarlar. Amma bu çıxış yolu deyil». FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Mübariz Qurbanov öz müsahibəsində bildirib
«Kredit borcunu vaxtlı-vaxtında ödəyə bilmədiyini hiss etdikdə, müştəri necə davranmalıdır?» sualına cavab olaraq bankir bunu bildirib:
«Ödəniş qabiliyyəti pisləşdikdə, əfsus ki, bəzi müştərilər çıxış yolunu, ödənişləri tam dayandırıb bankla kommunikasiyalardan yayınmaqda görürlər. Amma bu, çıxış yolu deyil. Ödənişdən yayınmaq və ya imtina etmək problemin həlli deyil. Bu, yanlış düşüncədir. Yaranmış problemlərin real həlli yenə də bankla birgə müzakirələrdən keçir. Müştərilər bu cür hallarda əvvəlcədən banka müraciət etməlidilər. Onlar problemi bankla müzakirə edərək təklif olunan mümkün variantlardan hər hansı birini seçə bilərlər. Vətəndaşlar bilməlidirlər ki, kredit tarixçəsinin korlanması və tarixçədə pis keyfiyyətli kreditlərin görünməsi gələcəkdə onların nəinki özlərinin, hətta yaxın qohumlarının və ailə üzvlərinin də kredit götürməsinə maneə yarada bilər. Ona görə də, hər bir halda bankla fəal kommunikasiyalarda, çətinliklərin həllini birgə axtarmaqda fayda var».