Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar “Azərpoçt”un respublika üzrə bütün şöbələrinə yaxınlaşıb, şəxsiyyət vəsiqəsi və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala biləcəklər. May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
FED.az xəbər verir ki, bu barədə “Azərpoçt”un açıqlamasında deyilir.
Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları (BOKT) və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunacaq. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsi ilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar “Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.
Eləcə də bax: Bugündən vətəndaşlara kompensasiyaların - ÖDƏNİLMƏSİNƏ BAŞLANILIR
Bütün məlumatlar palatanın hazırladığı http://http://www.pk.fimsa.az portalında yerləşdirilib. Bağlanan banklar və BOKT-ların problemli kredit sahibləri isə məlumatları eyni zamanda “Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində “Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən də ala bilərlər.
Bu layihədə BOKT-larin, eləcə də ləğv prosesində olan banklarin müştərisi olan fiziki şəxslərə 500 manatadək məbləğdə kompensasiyalarin verilməsi “Azərpoçt” MMC-nin pul köçürmələri xidməti vasitəsi ilə ödəniləcək. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatlarin üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.
Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Plastik kartlar vasitəsilə ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların sahiblərinə göndərilməsi ilə baş tutacaq. Vətəndaş “Azərpoçt” MMC-nin rəsmi saytıvasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən poçt şöbəsinə yaxınlaşıb, zəruri sənədlərə imza atır.
Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda “Millikart” MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. “Millikart” MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB(Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank,Gunay Bank, NaxçıvanBank, Unibanka məxsusdur.
Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsəslələrdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması “Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində “Azərpoçt” MMC sadəcə icraçı tərəf kimi çıxış edir.
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.