Yeni il öncəsi kredit tarixçənizi korlamaqdan yayının!
Yeni il bayramları - kredit tarixçəni və vicdanlı borcalan reputasiyasını korlamaq üçün ən təhlükəli vaxtdır. Bayram ərəfəsi çaxnaşmada siz ödənişi vaxtında etməyi tamamı ilə yaddan çıxara və ya ödənişlər üçün ayırlmalı olduğunuz pulu müxtəlif yarmarkalar və ya şirnikləndirici kampaniyalara sərf edə bilərsiniz. Sonra baxacaqsınız ki, krediti ödəməyə əlinizdə heç nə qalmayıb.
Yeni il tətilləri ərəfəsində, bəs kreditlərini necə düzgün ödəmək olar?
İlk baxışda kredit üzrə ödənişlər etmək olduqca asan bir işdir – ayda bir dəfə hesaba pul köçürdün, başını atıb rahat yata bilərsən. Amma hətta belə sadə bir işdə də çoxsaylı xırda nüanslar vardır ki, onları mütləq bilmək lazımdır. Belə də siz büdcənizi düzgün bölüşdürə və problemlərdən uzaq ola bilərsiniz.
- İlk növbədə, əgər ödəməli olduğunuz məbləğ yuvarlaq deyilsə (məsələn 141 manat, 48 qəpik) daha yaxşı olar ki, onu artan istiqamətdə yuvarlaqlaşdırıb, ödəyəsiniz, yəni 141 manat kimi deyil, 142 manat kimi.
- Ödəniş edərkən komisyon haqqının tələb olub-olunmadığına nəzər salın, əgər komisyon haqqı tələb olunursa, həmin məbləği ödənişin üzərinə əlavə etməklə ödəyin. Əks halda ödədiyiniz məbləğdən komisyon haqqı çıxılarsa, aylıq ödənişiniz tam yerinə yetirilmiş olmayacaq.
- Əgər krediti götürdüyünüz valyuta ilə, ödəniş edəcəyiniz valyuta fərqlənirsə, onda mütləq həmin gündə bankın tətbiq etdiyi məzənnəni nəzərə almalısınız. Məsələn, kreditiniz dollarda, ödənişiniz isə manatdadırsa, həmin gün üçün krediti ödəməli olduğunuz bankın usd-azn məzənnəsini öyrənməlisiniz. Bankomat və ya terminalla ödəniş edərkən, bankın konversiya xərclərini də nəzərə almalı və yuxarıda qeyd etdiyimiz kimi ödənişi yuvarlaq etməlisiniz.
- Özünəməxsus ehtiyat fond yaradın. Fondun həcmi aylıq ödənişin 4/5-i qədər olmalıdır. Bu məbləği nağd şəkildə və ya bank depozitində saxlaya bilərsiniz. Əgər gözlənilməz hallar baş verərsə, bu ehtiyat vəsait sizi çətinlikdən müvəqqəti də olsa çıxmağa kömək edə bilər. Yəni aylıq ödənişi hər hansı bir səbəbdən gecikdirməli olsanız, həmin məbləğdən istifadə edin.
- Əgər sizin bir neçə, təxminən eyni faizlə götürdüyünüz kreditiniz varsa, yaxşı olar ki, birinci onlardan ən kiçiyini bağlayasınız. Bu metod sizə kredit stressini azaltmaq imkanı verəcək. Bir kreditin bağlanması sizi digər krediti də bağlamağa motivasiya edəcək, bu zaman Siz həm də onların sayını azaltmış olacaqsınız. Bir çox insanlara bu daha asan gəlir və onlar qeyri-ixtiyarı olaraq, bu metoda meyl edirlər.
- Lakin, əgər sizin əlinizdə fərqli faizlərlə götürdüyünüz bir neçə kredit varsa, onda ilk növbədə faizi yüksək olan krediti bağlamaq tələb olunur. Birinci kredit üzrə tam ödənişləri, digəri üzrə isə yalnız minimal tələb olunan məbləği ödəyə bilərsiniz. Siz istənilən halda faizləri ödəməli olacaqsınız, bu yolla isə onların miqdarını azalda bilərsiniz.
Böhran situasiyasına düşdükdə gəlirləri artırmaq üçün bütün səylərinizi səfərbər etmək lazımdır. İstənilən məbləğdə qazanca razı olun və əlavə pul qazanmaq fürsətlərini əldən verməyin. Siz öz maliyyə vəziyyətinizi qaydaya salmalısınız.
Kreditlərin düzgün ödənilməsi Sizə səliqəli kredit tarixçəsinə sahib olmaq imkanı verəcək və banklar ilə hər hansı bir problemin yaşanmasın izn verməyəcək. Müsbət kredit tarixçəsi ilə siz bütün bankların arzuolunan müştərisinə çevriləcəksiniz.