Azərbaycan bankları vəsaitlərini təhlükəsiz artımaq üçün 6,5%-lik gəlirliyə hazırdırlar. FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının keçirdiyi depozit hərracında bankların həvəslə razılaşdığı faiz dərəcəsi 6,51% olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının depozit hərracı banklardan müəyfyən vəsaitin cəlb ediləək AMB-də saxlanması və buna görə, faiz ödənişini nəzərdə tutur. Sadə desək, bank öz pulunu AMB-də depozit kimi saxlayıb faiz alır.
Kredit bazarındakı olduqca aşağı aktivlik və etibarlı müştəri probleminin mövcud olduğu bir vaxtda banklar əllərindəki vəsaitləri yerləşdirməkdə çətinlik çəkirlər və izafi likvidlikdən (yerləşdirilməsində çətinlik olan nağd vəsait bolluğundan) əziyyət çəkirlər.
Belə vəziyyətdə AMB-nin depozit hərracları, AMB-nin notları və Maliyyə Nazirliyinin istiqrazları banklar üçün bir növ «nəfəslik», az da olsa əlavə gəlir rolunu oynayır. Məhz buna görə, adı çəkilən alətlərə bankların böyük tələbatı olur, bu da gəlirliyin aşağı düşməsi ilə nəticələnir.
AMB-nin iyunun 18-də keçirdiyi depozit hərracında isə tələb-təklif nisbətinə görə rekord vurulub.
Qeyd edək ki, əvvəlcədən elan olunduğu kimi, hərracda 100 milyon manatlıq depozitin 13 günlüyə cəlbi nəzərdə tutulurdu. Gözlənilən gəlirlik isə 6,51-8,48% ətrafnda ola bilərdi.
Amma hərracda tələbat təklifdən 6,7 dəfə artıq olub. AMB-dən FED.az-a verilən məlumata görə, depozit hərracında tələb 672,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib. Başqa sözlə, tələb böyük olduğundan gəlirlilik minimuma düşüb.
Qeyd edək ki, depozit hərracının nəticələri cəmiyyətdə bankların əhalidən 12%-lə cəlb etdikləri vəsaitləri ikiqat artıq faizlə kreditə vermələri barədə müzakirələrin getdiyi vaxta təsadüf edib. Bəzi ekspertlər, o cümlədən millət vəkilləri bunu bankların daha çox gəlir əldə etmək istəyi ilə izah etsələr də, banklar əslində faizlərin kredit risklərinə görə yüksək olduğunu, vəsaitlərin maya dəyərinin göründüyü kimi aşağı olmadığını bildirirlər.
Krediti 25%-lə verən bank 6,5%-ə razıdır - HƏRRAC
13:17
18 İyun 2019