Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanından bankdan 10 min dollardan artıq kredit götürmüş şəxslər də faydalana bilər. Bu barədə FED.az-ın FACEBOOK üzərindən CANLI YAYIM-ında Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov bildirib.
Onun sözlərinə görə, fərman 2012-ci il yanvarın 1-dən sonra götürülən və 2015-ci il fevralın 21-dək, yəni 1-ci devalvasiya gününədək əsas borcu 10 min dollar və ya ondan aşağı olan kreditlərə şamil edilir.
Başqa sözlə, qeyd edilən tarixdən sonra dollarla fərqli məbləğlərdə kredit götürmüş şəxslər də fərmanın gətirdiyi üstünlüklərdən faydalana bilərlər, bir şərtlə ki, birinci devalvasiya gününə qədər onun kreditinin qalın məbləği 10 min dollardan aşağı olsun.
Oxucular üçün aydın olması üçün bu məsələni misalla izah edək: tutaq ki, vətəndaş Məmməd Məmmədov 2013 və ya 2014-cü ildə bankdan 15 min dollar məbləğində kredit götürüb.
Birinci devalvasiyaya qədər kreditin bir hissəsini qaytarıb və 21 fevral 2015-ci il tarixində onun əsas kredit borcu 9999 dollar olub. Onda həmin şəxs prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanında nəzərdə tutulan üstünlüklərdən faydalana biləcək. Yəni ona kompensasiya ödəniləcək və ya krediti restrukturizasiya olunacaq.
Qeyd edək ki, FED.az-ın CANLI YAYIM-ında MBNP-nin ekspertləri problemli kreditlərlə bağlı məsələləri detallı izah edib və FACEBOOK istifadəçilərinin suallarına ətraflı cavab veriblər.
Krediti 10 min dollardan artıq olanlar da – FƏRMANDAN FAYDALANACAQ – AÇIQLAMA
17:23
4 Mart 2019