Azərbaycan Kredit Bürosunda (AKB) kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 65%-dən çox artıb.
FED.az Büronun yaydığı məlumata istinadən xəbər verir ki, AKB 6 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlayıb. Hazırda Büro 30 bank, 12 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə müqavilə rəsmiləşdirib.
2018-ci ilin birinci rübünün yekunlarına əsasən fəaliyyət müddəti ərzində Büronun məlumat bazasından 117 min 310 kredit hesabatı sorğu olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 65% yüksəkdir. Qeyd edək ki, 2017-ci ilin mart ayında Mərkəzləşdirilmiş Kredit Reyestrində kredit təşkilatları tərəfindən 71 min 72 sorğu yerinə yetirilib.
Büroda aparılan sorğuların 106 min 47-si 30 bank, 11 min 263-ü isə 31 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib.