«Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi» mövzusunda konfrans keçirilib. FED.az xəbər verir ki, tədbir Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə keçirilib. Məqsəd sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun gəlirli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə maliyyə təşkilatlarını məlumatlandırmaq olub.
Konfransı giriş sözü ilə IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, SECO təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli və ABA-nın icraçı direktoru Yunus Abdulov açıb.
Eləcə də bax: Sərəncam qoyulan bank hesablarıyla bağlı - AÇIQLAMA
“Kənd təsərrüfatının gəlirli maliyyələşdirilməsi” adlı paneldə Aqil Abdullayevin moderatorluğu ilə spikerlər təqdimatla çıxış ediblər. Leyla Hüseynli bazara ümumi baxış – inkişaf üçün imkanlar və çağırışlar, Azərbaycan kənd təsərrüfatının maliyyələşdirilməsi imkanları və metodları kimi məsələləri əhatə edən “Kənd təsərrüfatı: Maliyyələşmədə artan imkanlar” mövzusunda çıxış edib. Daha sonra Ağaməhəmməd Alosmanov və Mirsahab Mirzəyev “İnkişaf edən dəyər zəncirləri: banklar üçün imkanlar” mövzusunda təqdimat ediblər. Çıxışda ixrac yönümlü dəyər zəncirlərinin üstünlükləri, seçilən dəyər zəncirlərində nağd pul dövriyyəsi, risklər və bazar tendensiyalarının izahatı, dəyər zənciri boyunca maliyyələşməyə ehtiyac , IFC-nin təcrübəsi: effektiv idarə olunan və diversifikasiya olunmuş aqrar kredit portfelinin yaradılması mövzuları müzakirə edilib.
Konfransda maliyyə təşkilatları xüsusilə də Kənd Təsərrüfatı Dəyər Zəncirlərinin maliyyələşdirilməsinin ənənəvi maliyyələşdirmə ilə müqayisədə üstünlükləri və kənd təsərrüfatı portfelini artırma imkanları öyrənilib.