Azərbaycanda aqrar sahənin aktiv maliyyələşdirilməsi ilə seçilən «Turanbank» ASC-nin kredit portfelinin vəziyyəti məlum olub.
FED.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu ilin birinci yarısının yekunlarına (01.07.2019) «Turanbnk» ASC-nin kredit portfelinin həcmi 330 mln 206 min manat təşkil edir.
Eləcə də bax: Aqrar Kredit və İnkişaf Agentliyi 8 aylıq göstəriciləri - AÇIQLAYIB
Hesabata görə, kredit portfelinin 96 milyon 577 min manatı və ya 29,2%-ni istehlak kreditləri təşkil edir.
İstehlak kreditindən sonra maliyyə qurumu ən çox krediti ticarət və xidmət sahəsinə ayırıb - 89 mln 654 min manat və ya kredit portfelinin 27,1%-i.
Bankın üçüncü ən çox kredit verdiyi sahə isə tikinti sahəsi olub. «Turanbank» ASC bu sahəyə 56 mln 181 min kredit verib (17%).
«Turanbank» aqrar sahəni həvəslə maliyyələşdirən banklar sırasındadır. Hesabata görə, bank bu sahəyə 52 mln 543 min manat (16%) kredit verib.
Bankın vaxtı keçmiş kreditlərin məbləği 17 mln 820 min manat təşkil edir ki, bu da ümumi kredit portfelinin 5,4% deməkdir.
Baxmayaraq ki, «Turanbank» ən çox məbləği istehlak kreditinə ayırıb, bankın daha çox vaxtı keçmiş kreditləri ticarət və xidmət sahəsində olub. Bu sahəyə verilən 89 mln 654 min manatlıq kreditin 10 mln 753 min manatının vaxtı keçib.
İkinci ən çox problmeli kredit isə bankın kənd təsərrüftına verdiyi kreditlər olub. Bankın bu sahəyə verdiyi kreditlər arasında vaxtı keçmiş kreditlərin məbləği 3 mln 425 min manat təşkil edib. Amma bu da problemli kreditlərin payının cəmi 6,5% olması deməkdir.
Bankın ən çox məbləği istehlak kreditlərinə verməsinə baxmayaraq bu sahədə verilən kreditlərin cəmi 934 min manatı vaxtı keçmiş kredit sayıla bilər.
Bankın həcmcə 3-cü ən çox vaxtı keçmiş kreditləri istehsal sahəsinə verdiyi kreditlər də olub ki, bu sahəyə ayrılan məbləğn cəmi 1 mln 944 min manatının vaxtı keçib.
Bankın verdiyi kreditlərin 83.7% - i Abşeron rayonun payına düşüb – 276 mln 400 min manat. Bankın ikinci ən çox kredit verdiyi bölgə Gəncə-Qazax zonası olub. Burada bank vətəndaşlara və biznesə 34 mln 797 min manat kredit verib.