Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
FED.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, Elmixan Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iyulun 4-də davam edəcək.
Qeyd edək ki, ittihama əsasən, E. Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratması, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talaması müəyyənləşib.