Rəqəmsal həllərin hökm sürdüyü müasir dövrdə maliyyə-bank sektorunun və ümumiyyətlə biznesin ən mühüm tələblərindən biri də çeviklikdir. Yaranan yeni trendlərə və dəyişikliklərə operativ reaksiya vermək, sürətlə dəyişən bazar tələblərinə tez bir şəkildə uyğunlaşmaq üçün bir çox şirkətlər yeni müasir idarəetmə və iş üslubuna keçid almağa çalışırlar. Kapital Bank da bu tendensiyadan geri qalmadı. Bank maliyyə ekosistemini təkmilləşdirmək üçün biznes modelinin transformasiyası layihəsi çərçivəsində daha effektiv hesab olunan “Agile” idarəetmə üslubunu tətbiq etməyə başlayıb.
FED.az xəbər verir ki, dünya praktikasına nisbətən Azərbaycanda yenilik sayılan “Agile” metodologiyası, onun üstünlükləri və banka, eləcə də müştərilərə verəcəyi töhfələr haqqında Kapital Bank-ın İdarə Heyətinin Sədri, cənab Rövşən Allahverdiyev danışıb.
Eləcə də bax: «Kapital Bank» 1 rübdə 95 milyon manat qazanıb – RƏQƏMLƏR, HESABAT
- Hazırda dünya yeni dövrə keçir. Bir tərəfdən rəqəmsallaşma, digər tərəfdən isə qeyri-müəyyən müddətdə davam edəcək pandemiya şəraiti. Kapital Bank asan olmayan zamanda biznesi inkişaf etdirmək, bazarda olan lider mövqeyini saxlamaq üçün hansı addımları atır?
Müasir dövrdə rəqəmsal texnologiyalar və qabaqcıl texnoloji həllər fərqli-fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar açır. Dünya rəqəmsallaşmaya doğru gedir və Kapital Bank da bu tendensiyada ən öndə gedən qurumlardan biri olmaq niyyətindədir. Bir sıra istiqamətlər üzrə bazarda olan lider mövqeyimizin, həmçinin dəyişkən bazar mühitində rəqabət üstünlüyümüzün qorunmasında yeni və müasir texnologiyaların rolu çox böyükdür. Kapital Bank-ın 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyasının əsas istiqamətlərindən biri informasiya texnologiyaları sahəsinin inkişafı və rəqəmsal həllərin genişləndirilməsidir. Son illər ərzində bu sahədə ciddi irəliləməyimiz və əldə etdiyimiz nailiyyətlər çox qürurvericidir. Məqsədimiz odur ki, xüsusən də hazırkı pandemiya şəraitində milyonlarla fiziki şəxs və on minlərlə hüquqi şəxs olan müştərilərimiz, xidmətlərdən bankın filial və şöbələrinə gəlmədən məsafədən rahatlıqla yararlana bilsinlər. Burada təbii ki, fərdi müştərilər üçün təqdim olunan BirBank mobil bankçılıq tətbiqini və sahibkarların ixtiyarında olan Müştəri Bank sistemini vurğulamaq lazımdır. Bu servislər istifadəçilərinə xidmətlərdən real vaxt rejimində onlayn şəkildə faydalanmaq imkanını yaradır ki, müştərilərin bank əməliyyatlarına sərf etdikləri vaxtı minimuma enir. BirBank və Müştəri Bank vasitəsilə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün sistemlərdə daima təkmilləşdirilmə işləri aparılır, istifadəçilərə yeni imkanlar yaradılır. Həmçinin, Kapital Bank-ın əsas strateji hədəflərindən biri də tamamilə müştəri yönümlü bir quruma çevrilməkdir. Bunun üçün bank “Agile” metodologiyasına əsaslanan yeni idarəetmə üsuluna keçidin icrasına başlayıb.
- “Agile”a keçidin arxasında nə dayanır?
Kapital Bank bu günə qədər bir çox dəyişikliklərdən keçib. Bunların sırasında həm tarixi, həm də zamanın tələblərinə uyğun olan dəyişikliklər yer alır. Ən böyük transformasiya işlərindən biri kimi bir neçə il əvvəl həyata keçirdiyimiz biznes proseslərin, filial şəbəkəsinin və xidmətin transformasiyasını qeyd etmək olar. Bununla müştərilərimizə yeni bir bəyanat vermiş olduq ki, biz artıq geniş xidmət spektrli müasir maliyyə qurumuyuq. Qeyd etdiyiniz kimi dünya yerində dayanmır. Zamanın tələblərinə uyğun olmaq üçün biz dəyişməliyik, çünki müştərilərimiz də dəyişir, inkişaf edir. Biz hər zaman müştərilərin yanında, insanların seçim etdiyi birinci bank olmaq istəyirik. Bunun üçün bir çox işlər görmüşük, lakin onlarla kifayətlənərək dayanmaq olmaz. Müştərilərin istəklərinə vaxtı-vaxtında öyrənib reaksiya vermək, artan tələblərinə uyğunlaşmaq üçün növbəti mərhələ olaraq rəqəmsal transformasiyanı həyata keçirməyə başladıq. Müasir şəraitdə rəqəmsal həllər üzərində qurulan biznes daha uğurlu olur. Pandemiya dövrü bunu bizə bir daha sübut etdi. “Agile”-a keçidi də məhz rəqəmsal transformasiyanın bir tərkib hissəsi kimi qiymətləndirmək olar.
- Ümumiyyətlə “Agile” idarəetmə üslubu nədir? Kapital Bank-a hansı üstünlükləri gətirəcək?
Bu gün biznesdə müsbət nəticələr əldə etmək üçün müştərilərin tələblərinə çevik şəkildə reaksiya verməyi bacarmalısan. Şirkətlər, qurumlar, eləcə də maliyyə sektorunun iştirakçıları sürətlə dəyişən bazara, yüksək rəqabətə və artan təzyiqə tab gətirib, inkişaf etmək üçün yeniliklərə və innovasiyalara açıq olmalıdırlar. Öncə qeyd etdiyim bir çox istiqamətlərdə transformasiyanı əhatə edən İnkişaf Strategiyası bankın “Agile” yanaşmasına keçidini də nəzərdə tutur. Əslində dünya təcrübəsinə diqqət yetirsək görərik ki, qabaqcıl qlobal şirkətlər son bir neçə ildir ki, bu sistemi müvəffəqiyyətlə tətbiq edir. Azərbaycanda isə bu son zamanlar aktuallaşıb və yayılmağa başlayıb. Ölkənin ən iri və innovativ banklarından biri olaraq, “Agile” menecment yanaşmasının tətbiqinə biz də başladıq. “Agile” üslubuna keçid daxili iş proseslərinin, struktur idarətmənin və hətta korporativ mədəniyyət modelinin yenidən qurulmasını nəzərdə tutur. “Agile” – bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Məsələn, yeni modelin əsas prinsiplərindən biri odur ki, müxtəlif struktur bölmələrdə çalışan əməkdaşlar konkret layihə və ya məhsul üzərində birgə komanda şəklində işləyirlər. Əvvəllər zəncirvari proseslə hazırlanan bir məhsulda və ya icra olunan layihədə hər hansı dəyişikliyin, yeniliyin edilməsi bir neçə instansiyadan keçən, çox mərhələli bir proses idi. İndi komandaların funksional qruplar şəklində qurulması onlara iş prosesində məhsulları sınaqdan keçirməyə və yeni fikir yarandıqda onu çevik və yerində, rahat bir şəkildə reallaşdırmağa şərait yaradır. Xidmət və məhsullar artıq real zaman rejimində planlaşdırılır, hazırlanır və test edilərək ərsəyə gətirilir. Bir qədər çətin səslənsə də, nəticədə, bununla bank daxilində iş prosesləri xeyli yüngülləşəcək və səmərəlik artacaq. Hətta qeyd edim ki, artıq bir sıra layihələri məhz bu formada icra etməyə başlamışıq. “Agile” yanaşmasının Kapital Bank-a verəcəyi töhfələr haqqında çox danışmaq olar, lakin “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir.
- Bəs “Agile” yanaşması müştərilərə nə verəcək, onları hansı yeniliklər gözləyir?
İlk növbədə biz müştəri yönümlü düşüncə modelinin formalaşdırılmasını həyata keçirməyə çalışırıq. “Agile” metodologiyasının əsas dəyərlərindən biri elə müştərilərlə əməkdaşlığın üstünlüyündən bəhs edir. Əməkdaşlıq dedikdə insanların ehtiyaclarının araşdırılması, məhsul və xidmətlərin onların istəklərinə, gözləntilərinə uyğun şəkildə işlənib hazırlanması nəzərdə tutulur. Bu yanaşma ilə müştərilər birbaşa inkişaf prosesində iştirak etmiş olurlar. Misal üçün məhsul və ya xidmətlə bağlı hər-hansı bir yeniliyi tətbiq etməzdən əvvəl müvafiq rəy sorğuları, lazım gəldikdə fokus-qruplar təşkil olunur. Bu yenilik geniş istifadəyə verilməzdən əvvəl isə müştərilərdən ibarət kiçik könüllü qruplar onu test edə bilir. Beləliklə, biz istifadədə maksimum rahat və müştərilərin ürəyincə olan variantı geniş kütlələrə təqdim etmiş oluruq. Düşünürəm ki, “Agile” idarəetmə bank əməliyyatlarının çevik həyata keçirilməsi və rəqəmsal kanallar vasitəsilə daha effektiv müştəri əlaqələrinin qurulmasına xidmət edir. Bütün bu proseslər xidmət səviyyəsinin artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlib.
- Müsahibədə bir neçə yerdə “Agile” yanaşmanın, həmçinin bankdaxili mədəniyyətin dəyişəcəyini də qeyd etdiniz. Hazırkı əməkdaşlar və gələcəkdə banka cəlb etmək istədiyiniz kadrlardan gözləntiləriniz nələrdir?
İndiyədək müxtəlif məhsullar üzrə qərarları bankın rəhbər strukturları, şəxsləri verirdilərsə, artıq bazara təqdim olunan hər bir layihə, məhsul və ya xidmət üzrə istənilən dəyişiklik yalnız müştəri tələblərinə uyğun olaraq həyata keçiriləcək. Bu dəyişikliklərin tətbiqi isə həmin məhsula cavabdeh komanda tərəfindən icra olunacaq. “Agile” ilə kross-funksional idarəetmə mədəniyyətinə keçid bankın hazırkı işçi heyətindən daha çox komanda şəklində işləmək, çevik reaksiya göstərmək, bəzi hallarda yerində qərar vermək bacarıqlarını tələb edir. Öz növbəmizdə rəhbərlik olaraq biz əməkdaşları və onların qərarlarını dəstəkləyib, daha çox etimad göstərməyə hazırıq. Həmçinin, qeyd etmək istərdim ki, yeni trendlərlə zəngin, inkişaf edən və dəyişkən bazar mühiti ilə ayaqlaşmaq, qabaqcıl texniki yeniliklər tətbiq etmək üçün təbii ki, güclü komandaya, savadlı, çərçivələrdən xaric düşünə bilən kadrlara böyük ehtiyac var. Odur ki, Bankın indiki işçi heyəti layihənin tətbiqi ilə həmişə öyrəşdiyi iş üsullarından başqa müstəviyə, fərqli iş metodlarına adaptasiya olunur. Bu prosesdən daha yumşaq və rahat keçmək üçün onlara yeni kompetensiyalara uyğun təlimlər, kouçinq sessiyaları, liderliyin inkişafı üçün proqramlar tətbiq edilir. Hətta bir məqamı da qeyd edim ki, “Agile” sistemi ilə işləyəcək struktur bölmələrimizi yeni konseptdə birləşdiririk. Həmin əməkdaşlara daha çox rahatlıq və sərbəstlik yaratmaq üçün Bank daxilində kreativ bir mühit – “BirStudio”nu qururuq, beləliklə onlar Kapital Bank-ın əməkdaşları olmaqla yanaşı, həm də “BirStudio”nun tərkib hissəsi olacaqlar.
Bununla yanaşı, Bankda indiyə qədər mövcud olmayan bir sıra yeni vakansiyalar da yaranır. Biz istəyərdik ki, özünə güvənən, açıqdüşüncəli, çərçivələrlə özünü məhdudlaşdırmayan, kreativ gənclər də bizim komandaya qoşulsunlar. Onlar bizimlə birlikdə xidmət sektorunu, bu sektorda müştəri ilə işləməyin yeni üsullarını və bu istiqamətdə yeni yanaşmaları öyrənəcəklər, həmçinin bazar üçün əhəmiyyətli dəyişikliklərin müəllifi olmaq şansı qazanacaqlar.
Əgər əvvəllər bank dedikdə insanlar daha çox sərt intizam qaydaları, bürokratik əngəlləri olan bir qurum təsəvvür edirdilərsə, biz o təsəvvürü 180 dərəcə dəyişmək üçün artıq müəyyən addımları atmışıq. Kapital Bank yenilənir və indi mövcud stereotiplərdən kənar, sərbəst, kreativ, dostyana atmosferi olan bir quruma çevrilir. Necə deyərlər növbəti transformasiyanın təməli qoyulub. Misal üçün ötən il arxa ofis əməkdaşları üçün tamamilə sərbəst geyim tərzinə keçid baş verib. Tətbiq edəcəyimiz yeni yanaşmaya əməkdaşlarımızı hazırlamaq üçün komanda quruculuğu və liderliyin inkişafı istiqamətində bütün Bankı əhatə edən silsilə təlim və tədbirlər həyata keçirilib və bu proses bu gün də davam edir. “Agile” idarəetmə ilə fərqli, yenilikçi korporativ mühiti, əməkdaşları və müştəriləri ilə partnyor olan, daha səmərəli və çevik, rəqəmsal Kapital Bank olmağa hazırıq. Bu yolda bizimlə bərabər addımlamaq istəyən bütün gəncləri komandamıza qoşulmağa dəvət edirik.