Bu ilin yanvar-iyun aylarının nəticələrinə görə Kapital Bankın qeyri-faiz gəlirləri 311 milyon 440 min manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon 329 min manat və ya 13,2% çoxdur.
Qeyri-faiz gəlirlərinin əsas hissəsini 280 milyon 281 min manatla alınan haqq və komissiya gəlirləri təşkil edib ki, bu da illik müqayisədə 31 milyon 807 min manat və ya 12,8% artım deməkdir.
Bankın xarici valyuta əməliyyatlarından gəliri 23 milyon 513 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 861 min manat və ya 8,6% çoxdur.
Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən əldə edilən gəlir kəskin azalaraq 1 milyon 127 min manatdan 24 min manata düşüb.
Bankın digər gəlirləri isə təxminən 2 dəfə artaraq 3 milyon 858 min manatdan 7 milyon 622 min manata yüksəlib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə bankın qeyri-faiz gəlirləri 275 milyon 111 min manat, o cümlədən haqq və komissiya gəlirləri 248 milyon 474 min manat, xarici valyutadan gəlirləri isə 21 milyon 652 min manat olmuşdu.