“Kapital Bank” ASC-nin ipoteka portfeli 400 milyon manatdan artıqdır.
FED.az xəbər verir ki, bunu bankın Pərakəndə Satış İdarəsinin baş direktoru Ramil İmamov deyib.
Birbank sahibləri noyabr ayında 2,8 milyon manat - Keşbek Əldə Ediblər
“Son illər “Kapital Bank” üçün ipoteka biznesi əsas inkişaf etdirilən sahələrdən biridir. Strateji dövrdə qarşıya qoyulan hədəflərdən biri ipoteka portfeli üzrə bazarda böyük pay sahibi olmaq və müştərilər üçün çevik xidməti təmin etmək idi. İpoteka üzrə qısa zaman kəsiyində yüksək nəticələr əldə olunub və müştərilərə 4 növ ipoteka krediti təklif edirik. Hazırda ipoteka portfelimiz 400 milyon manatdan artıqdır”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Baş direktorun sözlərinə görə, bu strateji dövrdə yeni qurulan bir biznes sahəsi isə mikro biznes olub.
“Ötən 2 il ərzində mikro seqment müştəriləri üçün müxtəlif növ bank məhsul və xidmətləri yaradıldı. Bunların içərisində hazırda ölkə üzrə yalnız “Kapital Bank” tərəfdən icra olunan onlayn kreditləşməni qeyd etmək istərdim. Mikro biznes müştərilərimiz tərəfdən də məsafədən kreditləşmə müsbət qarşılanıb və bəyənilib. Mikro biznes kreditləri üzrə cari ana kredit portfelimiz isə 76 milyon manat təşkil edir və bu göstərici sürətlə artır”, - deyə bank rəsmisi qeyd edib.
R.İmamov əlavə edib ki, bu il ərzində bankın Bakı şəhəri üzrə 9, regionlar üzrə 2 yeni xidmət nöqtəsi istifadəyə verilib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aktivlərinin həcminə görə ölkənin ikinci bankıdır. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).