Maliyyə Bazarlarına Nəzarət Palatası "Kapital Bank" ASC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, bu barədə Palata yanında Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Yerləşdirmə tam şəkildə baş tutsa, Bankın nizamnamə kapitalı 40 milyon manat və yaxud 21,5% artaraq 225 milyon 85 min manata çatacaq.
"Kapital Bank" yeni səhmlərinin sahiblərinə illik 15% gəlirlilik vəd edir. Yəni, Bank zərərlə işləsə belə, imtiyazlı səhmlərin hər birinə görə 1,86 manat dividend ödəniləcək.
Xatırladaq ki, Bankın kapitalının artırılmasına onun səhmdarlarının bu il martın 13-də keçirilmiş ənənəvi illik yığıncağında qərar verilib.
Emissiya Prospekti ilə buradan tanış ola bilərsiniz.