Xəbər verildiyi kimi, Azərbaycanda Daşınar əmlakın yüklülüyü reyestri yaradılıb. Reyestr, insanların əllərində olan demək olar ki, bütün əşyaları girov qoyaraq kredit götürmələrinə və ya başqa məqsədlər üçün girov qoymalarına imkan verir. Reyestrin fəaliyyəti haqqında FED.az-ın suallarına Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev cavab verir.
- Tural müəllim, bu reyestrdə istənilən əşyanı girov qoymaq olar, eləmi?
- Burda bir istisnanı qeyd etmək lazımdır. Reyestr bütün növ daşınan əşların girova qoyulması zamanı reyestrə salınmasına imkan verir. Lakin rəsmi reyestrlərdə qeydiyyata alınan daşınan əşyalar, məsələn avtomobil, eyni zamanda dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar, məsələn səhmlər, istiqrazlar burada istisna təşkil edir. Çünki onların ayrıca yüklülük reyestri var.
- Yəni, evlər, avtomobillər, qiymətli kağızları və digər haradasa qeydiyyatı olan daşınan əşyaları çıxmaqla qalan bütün əşyalar üçün bu mümkündür. Məsələn biz qol saatımızı, mobil telefonumuzu, paltomuzu burda qeydiyyata qoya bilərik?
- Qol saatımızı, telefonumuzu, hətta paltomuzu da girov qoya bilərik. Eyni zamanda mal-qaranızı, stol-stulunuzu, texnikanızı, bank hesabınızdakı pullarınızı, hətta debitor borclarınızı da giroa qoya bilərsiniz.
Eləcə də bax: Pulqabında saxlamalı olduğunuz – 5 ƏŞYA, SİYAHI
- Deyək ki, kimsə mənə pul borcludur, məsələn bir aydan sonra mənə 100 manat qaytarmalıdır. Mən onu indidən girov qoyaraq kredit götürə bilərəm, doğrumu?
- Bəli, onu girov qoyaraq bankdan kredit götürürsünüz və həmin o girov qoyduğunuz debutor borc haqqında bildiriş göndərməklə pulu birbaşa öz hesabınıza yükləyirsiniz
- Yəni bank da həmin adama göndərir ki, «siz artıq mənə borclusunuz». Yəni mənə olan borc keçir banka və sonra artıq onlar öz aralarında həll edirlər.
- Bəli, həmin şəxsin sizə olan borcu artıq banka olur
- Bir məsələni dəqiqləşdirək, mən kimdən nə qədər alacamsa yalnız o məbləğdə götürə bilərəm, eləmi?
- Bəli, kimdən nə qədər alacaqsınızsa həmin qədər təminat qoya bilərsiniz. Amma bankın sizə verəcəyi pul həmin təminat məbləğindən fərqlənə bilər. Məsələn 100 manat alacağınız var, amma bank sizə 50 manat kredit verir. Yəni həmin məbləğdən çox olmayacaq.
- Bəs borc verən qismində bankdan başqa daha kimlər çıxış edə bilər?
- Biz hesab edirik ki, bu qismdə aktiv olaraq bank olmayan kredit təşkilatları da məşğul ola bilər. Çünki bildiyiniz kimi kiçik və orta sahibkarlıqla bağlı mikro-kreditləşmə daha çox bank olmayan kredit təşkilatlarının istiqamətindədir. Digər tərəfdən bu sahədə borc verən və ya digər münasibətlərdə çıxış edən lizinq, lombard, faktorinq təşkilatlarını da bura misal olaraq göstərmək olar.
- Bələdiyyələr də burada iştirak edə bilərlər, eləmi?
- Dövlət və bələdiyyə yüklü, dövlətdən irəli gələn yüklülüklərlə bağlı çıxış edə bilərlər. Amma normalda dövlət və bələdiyyə orqanı yüklü münasibətlərdə çıxış etdiyi zaman o da istənilən əşyanı girov qoya bilər, girov götürə bilər və reyestrə sala bilər. Yəni bələdiyyə də öz avadanlığını girov qoyub kredit götürə bilər.
- Daha da aydın olması üçün belə bir vəziyyətə baxaq. Məsələn, kimsə restoranda nahar edir və nahar bitəndən sonra məlum olur ki, onun üstündə kifayət qədər pul yoxdur. Həmin adamın üstündə bahalı telefonu var. O telefonu bu reyestrə elə yerindəcə yüklü edib restoranda saxlaya bilərmi?
- Bəli, həmin şəxs həmin telefonu öz razılığı ilə restoran sahibinə girov qoymaqla hesabını bağlaya bilər və yaxud deyə bilər ki, mən sonradan bu ödənişi nağd şəkildə sizə edə biləcəm. Çünki telefonun qiyməti daha baha ola bilər. Restoran sahibi isə reyestrə girib həmin məlumatları reyestrə daxil edəcək. Burda bir məsələni vurğulayım ki, şəxsin yazılı razılığı mütləqdir.
Eləcə də bax: Restoranda pulu kim ödəməlidir? – MALİYYƏ ETİKETİNİN 10 QAYDASI
- Yəni, elə restorandaca bir kağıza imza atıb telefonumuzun girov qoyulmasına etiraz etmədiyimizi bildiririk, bu kifayət edir?
- Bəli kifayət edir.
- Bizim çəkdiyimiz misalda telefon bahalıdır, yəni naharın qiymətindən qat-qat artıqdır. Belə vəziyyətdə mübahisə olmur. Bəs qiymətlər bir-birinə yaxın olanda qiymətləndirmə necə həyata keçirilir?
- Qanun deyir ki, telefon sahibi olaraq mən o telefonu götürdüm və həmin şəxs mənə borcunu ödəmirsə mən o telefonu sata bilərəm. Hətta qanun imkan verir ki, həmin girov hərracla da satılsın. Bir fərq ondan ibarətdir ki, bu münasibətlərin tənzimlənməsi məhkəmə yolu ilə yox, sırf qanunun müddəaları ilə tənzimlənir. Bir məsələ var ki, burada satılan məbləğ telefunun ümumi dəyərinə uyğun olmalıdır.
- Bəs imkan olacaqmı ki, bu proses restoranın içində həyata keçirilsin, restoran bura (yəni reyestrə) necə daxil olacaq?
- Bu, internet səhifəsi kimi fəaliyyət göstərir. Bununla bağlı harasa yaxınlaşıb müraciət etməyə ehtiyac yoxdur. Saytda istənilən şəxs özünə şəxsi kabinet yarada bilər. Şəxsi kabineti yaratdıqdan sonra götürdüyü əmlaklarla bağlı məlumatları və götürdüyü əmlakın mülkiyyətçisi ilə bağlı şəxsiyyət vəsiqəsinə dair məlumatları ora qeyd etməklə, həmin şəxsin həmin əmlakının yüklü olduğuna dair məlumatları qeyd edir.
- O telefon restoranda qalır, yoxsa yox?
- Qala da bilər, qalmaya da bilər. Bunu qarşılıqlı razılıqla həll edirlər.
- Məsələn telefon sahibiyəm, istəyirəm ki, qalmasın, amma restoran sahibi istəyir ki, qalsın, onda necə?
- O zaman artıq bu müqavilə əsasında yaranan yüklülükdür və bu halda telefonu saxlamaq lazım olacaq.
- Tutaq ki, restoran sahibi mənə icazə verdi ki, telefon qalmasın. Axı mən bu telefonu başqa yerdə də girov qoya bilərəm. Məsələn başqa restorana gedirəm, axşam yeməyini yeyirəm və yenə deyirəm ki, pulum yoxdur, həmin telefonu girov qoyuram.
- Burda da qanun həmin məsələləri tənzimləyir. Yüklü edilən daşınar əşyanın özgəninkiləşdirilməsi ilə bağlı müddəa var ki, yüklü edilən daşınar əşya başqasına satıldığı zaman yüklülük sahibinin sahibinin yüklülük hüquqları davam edir. Yəni restoran həmin telefonun qalmamasına razılıq verir. Həmin şəxs o telefonu başqasına satırsa restoran həmin telefonu yeni sahibindən tələb edə bilər. Burada yüklülük hüquqları davam edir.
- İkinci restoran reyestrə girib baxa bilərmi ki, filan şəxs bu telefonu başqa yerdə girov saxlayıb?
- İstənilən şəxs reyestrə girib məlumatları ödənişli şəkildə əldə edə bilər.
- Bəs biznes sektoru nəyi girov qoya bilər?
- Biznes istiqamətindən debutor borclar, əsas vəsaitlər, inventarlar, kənd təsərrüfatı ilə əlaqəlidirsə texnikası, mal-qaranı, hətta parnikləri də girov qoymaq mümkündür.
«İstəsəniz alacağın borcu da girov qoya bilərsiz» - MÜSAHİBƏ
19:22
30 Mart 2018