Xəbər verildiyi kimi, «Moody's Investors Service» («Moody's») Azərbaycanın 5 bankının kredit reytinqini təsdiqləyib.
Eləcə də bax: "Xalq Bank" 2022-ci ilin altı ayının - YEKUNLARINI AÇIQLADI
FED.az-ın məlumatına görə, bu qərar çərçivəsində «Moody's» Xalq Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) reytinqini b3-dən b2-yə, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini B2-dən B1-ə yüksəldib.
Agentliyin «Xalq Bank» ilə bağlı açıqlamasında bildirilir ki, bankın kredit qabiliyyəti reytinqinin artırılaraq b2-dən b3 səviyyəsinə qaldırılması bankın aktivlərinin keyfiyyətinin artmasını və kapitalın adekvatlıq əmsalının davamlı səviyyədə olmasını əks etdirir.
Bankın yerli və xarici valyutada depozitlər üzrə uzunmiüddətli reytinqinin B1 səviyyəsinə qaldırılması bankın kredit qabiliyyətinin yüksəlməsini və - «Moody's» agentliyinin qənaətinə görə – banka orta dərəcədə dövlət tərəfindən dəstəyin göstəriləcəyini əks etdirir.
Agentlik bildirir ki, «Xalq Bank»ın problemli kreditlərinin payı 2020-ci ilin sonundakı 12,8%-dən 5,8%-ə enməsi dövlət dəstəyinin, pandemiyanın təsirinin azalması və əməliyyat mühitinin yaxşılaşması (yəni iqtisadiyyatın özünə gəməsi) ilə bağlıdır.
«Bankın kapitalının aktivlərə nisbətinin 21% təşkil etməsi və səhmdar kapitalının aktivlərə nisbətinin 19% təşkil etməsi sanballı kapitallaşma deməkdir»-deyə Agentlik bildirir.
«Moody's» analitiklərinin fikrincə, bu bank üçün kredit zərərləri ilə bağlı istənilən gözlənilməz hallara qarşı yaxşı təhlükəsizlik buferi yaradır.
Bununla yanaşı, agentlik bankın gəlirliliyinin nisbətən aşağı səviyyədə olduğunu bildirir. 2021-ci ilin nəticələrinə görə, bankın gəlirliliyi 1,2%, eyni zamanda faiz marjası 3,3% təşkil edib. Xərclərin gəlirlərə nisbəti isə 65% təşkil edib.
Hesabatda deyilir ki, bankın bazar maliyyələşdirməsi təxminən 12% səviyyəsində sabit qalıb, likvidlik əmsalı pandemiyadan əvvəlki son üç ildə orta hesabla 22%-dən artaraq 28% səviyyəsində sabit qalıb.