Azərbaycanda istehlak kreditlərinin məbləği kəskin azalıb.
Eləcə də bax: 22 bank mənfəətdə, 5 bank zərərdədir – TAM SİYAHI, MƏBLƏĞLƏR
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, mart ayında ölkə banklarında istehlak kreditləri 138,7 milyon manat və ya 2% azalaraq 7 milyard 099,5 milyon manatdan 6 milyard 960,8 milyon manata enib.
Bu 2019-cu ilin əvvəlindən indiyədək istehlak kreditərinin azaldığı ilk belə haldır.
Bununla yanaşı, istehlak kreditlərinin tərkibində ipoteka kreditləri 25,6 milyon manat artaraq 1 963,4 milyon manatdan 1 989 milyon manata yüksəlib.
Əgər ipoteka kreditlərini nəzərə almasaq, ənənəvi istehlak kreditlərində azalma daha yüksəkdir. Belə ki, həmin kreditlərin fevralın sonuna olan məbləği 5 milyard 136 milyon manat olduğu halda, hazırda 4 milyard 972 milyon manat və ya 164,3 milyon manat azdır. Bu – kredit portfelinin 3,2% azalması deməkdir.
İstehlak kreditlərinin azalması koronavirus pandemiyası və bununla əlaqədar olaraq tətbiq edilən məhdudlaşdırma tədbirləri ilə bağlıdır. Xüsusilə işgüzar aktivliyin aşağı düşməsi fonunda banklara kredit müraciətləri ciddi surətdə azalıb.
İstehlak kreditlərinin qarşıdakı dövrdə də azalması gözlənilir. Səbəbi Mərkəzi Bankın belə kreditlərin şərtlərini sərtləşdirməsi ilə bağlı planlarıdır.
Bir neçə gün əvvəl baş bankir Elman Rüstəmov istehlak kreditlərinin xaricdən idxalı dəstəklədiyini bildirib. AMB rəhbəri şarə edib ki, istehlak kreditləri zərərlidir və hökumət bu kreditlərə münasibətini dəyişəcək: «İstehlak kreditləri isə əhəmiyyətli dərəcədə xarici sektora, xaricdən idxala xidmət edir, maşın kreditləri, uzunmüddətli əşyalar və sair. Təbii ki, əhalinin buna ehtiyac var, amma biz elə kreditləşmə sisteminə keçməliyik ki, tələb yox, təklif yaradaq. Yəni işgüzar adamların mikrokreditlərə və biznes kreditlərinə çıxış imkanları yaradılsın».