Banklarda istehlak krediti bir neçə fərqli risk qrupunun şərtlərinə uyğun gəldiyi təqdirdə, kredit uyğun gəldiyi ən yüksək əmsallı risk qrupuna aid ediləcək.
FED.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Eləcə də bax: Bu il 6 milyard manatdan çox – İSTEHLAK KREDİTİ VERİLİB
Bu il noyabrın 29-dan qüvvəyə minəcək dəyişikliyə əsasən, istehlak kreditlərinin müddətindən asılı olaraq risk dərəcələri aşağıdakı qaydada artırılacaq:
- müddəti 3 il və ya daha çox və 5 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 20 faiz bəndi artırılacaq;
- müddəti 5 ildən çox və 7 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 40 faiz bəndi artırılacaq.
Xarici valyutada verilmiş istehlak kreditlərinin risk dərəcəsi 60 faiz bəndi artırılacaq.
Qeyd edək ki, borcun gəlirlərə nisbəti, yəni BGN əmsalı istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. BGN əmsalı birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə isə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbətidir. Qüvvədə olan Qaydalara əsasən, BGN əmsalı üzrə indikativ hədlər borcalanın gəlirləri yaşayış minimumu göstəricisinin 3 mislindən aşağı olduqda 40 faiz, yuxarı olduqda 50 faizdir. Yaşayış minimumu göstəricisi müvafiq il üzrə Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklə əlaqədar BGN əmsalı üzrə indikativ hədlər noyabrın 29-da qüvvədən düşəcək.
Apa