İslami maliyyə maliyyə münasibətlərinin İslam hüququnun əsas prinsiplərinə uyğun şəkildə qurulduğu alternativ maliyyə modelidir. Bu modelin əsasını real iqtisadi fəaliyyət, şəffaflıq və tərəflər arasında ədalətli risk bölgüsü təşkil edir.
Ənənəvi bankçılıqda maliyyələşmə əsasən faiz prinsipi üzərində qurulur: bank müştəriyə vəsait təqdim edir və həmin məbləğ müəyyən edilmiş faizlə geri qaytarılır. İslami maliyyədə isə faiz əsaslı gəlir modeli tətbiq edilmir. Maliyyələşmə real aktivlərin alqı-satqısı, icarəsi və ya tərəfdaşlıq əsasında həyata keçirilir. Bu səbəbdən İslami maliyyə məhsulları mahiyyət etibarilə ənənəvi kredit məhsullarından fərqlənir. Bu modeldə bank yalnız maliyyə vəsaiti təqdim edən tərəf deyil, əməliyyatın iqtisadi məzmunundan asılı olaraq aktivin alıcısı, satıcısı, icarəyə verəni və ya investisiya tərəfdaşı kimi çıxış edir.
İslami maliyyədə geniş istifadə olunan məhsullardan biri Murabaha modelidir. Bu zaman bank müştərinin seçdiyi aktivi satın alır və üzərinə əvvəlcədən razılaşdırılmış mənfəət əlavə etməklə onu müştəriyə satır. Müştəri müqavilə bağlanarkən yekun satış qiymətini və ödəniş şərtlərini dəqiq bildiyi üçün maliyyə öhdəliklərini əvvəlcədən planlaşdıra bilir. Bununla yanaşı, ödəniş qrafikinə əməl edilməməsi müqavilə öhdəliklərinin pozulması riskini yarada bilər.
Digər məhsul İjara modelidir. Bu modeldə bank aktivi əldə edir və onu müəyyən müddət ərzində müştərinin istifadəsinə icarəyə verir. Beləliklə, müştəri böyük ilkin kapital qoyuluşu etmədən ehtiyac duyduğu aktivdən istifadə imkanı qazanır. Bu məhsul üzrə risklər əsasən aktivdən istifadə, onun saxlanılması, sığortalanması və müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərlə bağlıdır.
Mudaraba əsaslı depozit isə investisiya tərəfdaşlığı prinsipinə əsaslanır. Bu modeldə müştəri vəsaiti təqdim edir, bank isə həmin vəsaiti idarə edərək investisiya fəaliyyətinə yönəldir. Əldə olunan mənfəət əvvəlcədən razılaşdırılmış nisbətdə bölüşdürülür. Ənənəvi depozitlərdən fərqli olaraq, bu məhsul üzrə sabit faiz gəliri nəzərdə tutulmur və gəlirlilik investisiya fəaliyyətinin nəticələrindən asılı olur.
Ümumilikdə, Islami maliyyədə yanaşma şəffaf, aktivlə təmin olunan və tərəflərin hüquq və öhdəliklərinin əvvəlcədən müəyyən edildiyi maliyyə münasibətlərinin formalaşmasına xidmət edir. Bununla belə, hər bir maliyyə məhsulu üzrə şərtlər, mümkün xərclər, gəlirlilik imkanları və risklər müqavilə bağlanmazdan əvvəl diqqətlə qiymətləndirilməlidir.















