İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub.
Eləcə də bax: Mərkəzi Bankda təyinat – Elman Rüstəmov onu direktor - TƏYİN EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu vəzifə Lalə Yusifovaya həvalə edilib.
L.Yusifova bu təyinata qədər Birləşmiş Millətlər Təşkilatında layihə meneceri vəzifəsində çalışıb.
Qeyd edək ki, IsDB-nin keçmiş ölkə meneceri Tamerlan Tağıyev bir müddət əvvəl vəzifəsində ayrılaraq İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Azərbaycan IsDB-yə 1992-ci ildə üzv olub. Hazırda ölkəmizin Bankda üzvlük kapitalı 50,8 milyon Islam dinarı təşkil edir. Bu da IsDB-inin ümumi kapitalın 0,1 %-i deməkdir.
IsDB-inin də daxil olduğu İslam İnkişaf Qrupu (IDG) bu vaxta qədər Azərbaycana 1,179 milyard ABŞ dolları vəsait ayırıb. Həmin vəsaitin 956 milyon ABŞ dolları IsDB-nin, 83 milyon ABŞ dolları Beynəlxalq İslam Ticarətin Maliyyələşməsi Korporasiyasının (IITFC), 120,4 milyon ABŞ dolları Özəl sektorun maliyyələşməsi üzrə İslam İnkişaf Korporasiyası, 194 milyon ABŞ dolları isə digər mənbələrdən ayrılıb.