İranın “Sədarət” bankının London şöbəsinin fəaliyyəti bərpa olunub və hesabları aktivləşib.
İran mətbuatı Böyük Britaniyanın Maliyyə Nazirliyinin bəyanatına əsaslanaraq bildirir ki, İran ilə Qərb dövlətləri arasında əldə edilən Nüvə anlaşmasından 9 ay sonra rəsmi London “Sədarət” bankının şöbəsinin açılmasına icazə verib və ədalətsizliyi aradan qaldırıb.
Bəyanatda deyilir ki, İranın əsasən ixrac əməliyyatlarının maliyyələşməsini təmin edən “Sədarət” bankın London şöbəsi olan “Sədarət PLC”ın fəaliyyəti qadağan olunmuş bankların siyahısından çıxarılıb. Bankın maliyyə aktivləri azad edilib.
Xatırladaq ki, 2012-ci ildə Avropa İttifaqı (Aİ) nüvə proqramı ilə əlaqədar İrana tətbiq etdiyi sanksiyalar sırasında bankların fəaliyyətinin məhdudlaşdırılması da var idi. Həmin ilin martında Britaniya hökuməti Aİ-nin qərarına əsasən İranın ən böyük banklarından biri olan “Sədarət” bankın yerli şöbəsini bağlamışdı.
Azərtag©