"Bank Melli İranın Baku" (İran Milli Bankının Bakı filialı) 2016-cı ildə “Mir Business Bank”da 500 min avro məbləğində illik 1% dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. FED.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.
Hesabatda keçmiş illərdə yerləşdirilmiş digər depozitlər haqqında da məlumat yer alıb.
Sənəddən məlum olur ki, "Bank Melli İran Baku" 2015-ci ildə "Texnikabank" ASC-də ümumi məbləği 5 mln. manat illik 7% dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. Bank sonradan bu depozitlərin müddətini daha 6 aylıq müddətə uzadıb. "2015-ci ildə bank "Texnikabank" ASC-də 1 mln. manat məbləğində illik 5% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə "Texnikabank" ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 6 mln. 67 min 778 manat (6 mln. manat əsas məbləğ və 67 min 778 manat yığılmış faiz) olub. 2015-ci ildə bank "Atrabank" ASC-də 2 mln. manat ümumi məbləğində illik 6% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. 31 dekabr 2016-cı il tarixinə bank "Atrabank" ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 2 mln. 9 min manat (2 mln. manat əsas məbləğ və 9 min manat yığılmış faiz) olub. 31 dekabr 2016-cı il tarixinə bankın "Texnikabank" ASC və "Atrabank" ASC-də müxbir hesablarının qalığı müvafiq olaraq 10 min 629 manat və 2 mln. 50 min 136 manat olub. "Texnikabank" ASC və "Atrabank" ASC-nin lisenziyaları Azərbaycan Mərkəzi Bankı tərəfindən 2016-cı ildə ləğv edilib. Bu banklarda yerləşdirilmiş pul vəsaitləri üçün dəyərsizləşmə üzrə ehtiyat 7 mln. 345 min 732 manat təşkil edir", - deyə sənəddə vurğulanıb.
Sənəddə o da qeyd olunub ki, "Bank Melli İran Baku" "Nikoil Bank" ASC-də 300 min manat məbləğində illik 7% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.
Bundan başqa, bank "Zaminbank" ASC-də ümumi məbləği 2 mln. avro illik 5% dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb.
Bank Melli İran Dubay Baş filialında 7 mln. 346 min dirhəm məbləğində illik 0,65% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.
İran Milli Bankının filialı "Muğanbank" ASC-də 9 mln. manat ümumi məbləğində illik 5% faiz dərəcəsi ilə 6 aylıq dövr üçün 9 depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. Bu depozitlərin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.
31 dekabr 2016-cı il tarixinə bankın "Royal Bank"dakı müddətli depozitləri 4 mln. manat məbləğində olub. Depozitlərin qarşılığında "Royal Bank" tərəfindən girov təmin olunub və bu girovun bazar dəyəri 2013-cü ilin iyun ayında qiymətləndirici firma tərəfindən 4 mln. 300 min manat olaraq qiymətləndirilib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% (31 dekabr 2015-ci il: 30%) dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb. Bank 2011-ci ildə bank lisenziyası AMB tərəfindən geri alınmış "Birlikbank" ASC-də ümumi məbləği 12 mln. 500 min dollar depozit yerləşdirib. Depozitin qarşılığında "Birlikbank" tərəfindən AMAY ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 13103 kvadratmetr sahəsi olan inzibati ofisləri girov kimi təmin olunub. 2016-cı ilin dekabr ayında bank girov üzərində mülkiyyət hüququ əldə edib və əmlakı qiymətləndirərək öz balansına götürüb. Qeyd olunan depozit 2016-cı ildə mənfəət və zərər hesabına silinib.