Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasını, İpoteka Fondunun Nizamnaməsini və ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərmanları imzalayıb. Beləliklə, həm institusional, həm də sosial-iqtisadi əhəmiyyəti olan addım atılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı islahat tədbirlərini şərh edib. O deyib ki, yeni qaydalara əsasən İpoteka Fondunun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, sədrinin və onun müavininin vəzifəyə təyin və azad edilməsi, Fondun yenidən təşkili və ləğvi məsələləri Prezidentin müstəsna səlahiyyətinə aid edilib.
Yeniliklərdən biri də “Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci il yanvar ayının 1-dən tətbiq edilməsinin nəzərdə tutulmasıdır. Beləliklə, bu sahədə səmərəlilik, hesabatlılıq və şəffaflığın daha artırılması mümkün olacaq. Bundan isə ən çox Azərbaycan vətəndaşı qazanır.
Bundan başqa, ipoteka kreditlərinin verilməsinə dair tələblərin daha sosial yönümlü, reallığa uyğun olması diqqəti cəlb edən məqamlardandır. Belə ki, yeni qaydaya əsasən kreditin maksimal məbləğinin ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilməsi, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunması müsbət yeniliklərdəndir.
Cəmiyyət tərəfindən təşkil olunan “Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatlar, kredit almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində ona münasib görüş vaxtını seçməklə göndərilməsi və qeydiyyata alınması, ödənişlərin elektron formada həyata keçirilməsi və s. kimi yenilikləri əks etdirir.
Dəyişikliklər nəticəsində Azərbaycan vətəndaşlarının daha geniş təbəqələri ipoteka kreditindən yararlanacaq. Məsələn, gənc ailənin üzvü olan aşağıdakı şəxslər ipoteka alacaqlar: şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün, ən azı 3 il dövlət qulluğunda qulluq edən şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs və fəlsəfə doktoru. Bu ildən ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs də ipoteka ala biləcək. Bundan başqa, elmlər doktoru, ən azı 15 il dövlət qulluğunda olan şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da güzəştli ipoteka krediti ala biləcəklər. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə də ipoteka ayrılacaq.
Yeni ipoteka qaydalarında əhalinin xeyrinə olan daha bir məsələ kreditin məbləğinin mənzilin qiymətinin 85 faizinədək artırılmasıdır. Əvvəllər bu məbləğ 80 faiz idi.
Yeni qayda ilə ipoteka krediti daha çox orta və aztəminatlı insanlar üçün əlçatan olacaq. Belə ki, ipoteka krediti ilə bahalı ev almaq mümkün olmayacaq: güzəştli ipoteka yalnız orta bazar qiymətindən baha olmayan “kupça”lı mənzillərə veriləcək. Əslində bu il aprelin 11-də yaradılmış Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi də daha çox orta və aztəminatlı təbəqə üçün mənzil təminatını prioritet seçib. Azərbaycan dövləti uyğun qiymətə mənzillə təminat məsələsini “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədində də təsbit edib. Deməli, dövlət qısa, orta və uzunmüddətli dövrdə əhalinin mənzillə təminatı məsələsini prioritet istiqamət kimi saxlayacaq.
Ümumilikdə, güzəştli ipoteka kreditinin verilməsi qaydalarında dəyişikliklər bu sahədə sistemli və davamlı islahatlar aparılmasını göstərir.
Mənbə: banknews.az