“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında dəyişikliklər edilib.
FED.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarda deyilir:
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və ikinci abzasında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası” üzrə:
2.1. adında və 2.2-ci bəndində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;
2.2. 1.1-ci bənddə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra - Fond)” sözləri ilə əvəz edilsin;
2.3. 2.1.2-ci yarımbənddə “Cəmiyyət” sözü “Fond” sözü ilə əvəz edilsin;
2.4. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.3. aylıq məcmu gəlir - borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin ortaaylıq məbləğinin məcmusu.”;
2.5. 4.5-ci bəndin ikinci cümləsində “24 (iyirmi dörd) ay” sözləri “12 (on iki) ay” sözləri ilə, üçüncü cümləsində isə “40 faizindən” sözləri “70 faizindən” sözləri ilə əvəz edilsin;
2.6. 4.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.13. Borcalanın (borcalanların) ortaaylıq gəliri aşağıdakı qaydada hesablanır:
4.13.1. borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi
yolu ilə;
4.13.2. borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə.”.