Ölkənin aparıcı banklarından olan «Kapitalbank» 2020-ci ildə ipoteka kreditlərini 4 dəfədən çorx artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə «Kapitalbank»ın ümumi kredit portfeli əvvəlki illə müqayisədə 19,5% artaraq 2 milyard 176 milyon manata çatıb.
Əsas yeri istehlak kreditləri tutur
Ənənəvi olaraq «Kapitalbank»ın kredit portfelində əsas yeri istehlak kreditləri tutur. 2020-ci ildə istisna olmayıb. Ötən ilin yekunlarına görə, bankın kredit portfelinin 1 milyard 365,8 milyon manatını istehlak kreditləri təşkil edib. Bu əvvəlki illə müqayisədə cəmi 30 milyon manat və ya 2,3% artıqdır.
Ötən illə müqayisədə kredit portfelində istehlak kreditlərinin payı kəskin azalıb – 2019-cu ildə istehlak kreditləri «Kapitalbank»ın kredit portfelinin 73,3%-ni təşkil etdiyi halda, 2020-ci ilin yekunuda bu məbləğ 63%-dən də aşağı düşüb.
Biznes kreditləri kəskin artıb
2019-cu ilin sonunda «Kapitalbank»ın idarə heyətinin sədri Rövşən Allahverdiyev FED.az-a bildirmişdi ki, ölkədə ən çox istehlak krediti verən «Kapitalbank» öz siyasətinə yenidən baxacaq və istehlak kreditlərinin verilməsini əhəmiyyətli dərəcədə azaldacaq. «Sözsüz ki, biz kredit verməyi dayandıra bilmərik. Amma indiki şəraitdə bizim əlimizdən nə gəlirsə onu da edəcəyik»-deyə bank rəhbəri bildirmişdi. Əvəzində onun sözlərinə görə, bank biznes kreditlərinin artırılmasına daha ciddi yanaşacaq.
2020-ci ildə «Kapitalbank» həmin vədləri müəyyən dərəcədə yerinə yetirib. İlin sonuna bankın biznes kreditləri 150 milyon manat və ya 34% artaraq 582 milyon manatı keçib. Biznes kreditlərin kredit portfelində payı isə 23,8%-dən 26,7%-ə yüksəlib.
Əvəzmində ötən il «Kapitalbank»ın ipoteka kreditərində kəskin artım baş verib. 2020-ci ildə bank ümumilikdə 228 milyon 029 min manat ipoteka krediti verib. Bu əvvəlki illə müqayisədə 4,3 dəfə artıqdır.
Əvvəlki illə müqayisədə ipoteka kreditlərinin həcmi 176 milyon manat və ya 4,3 dəfə artıb. Xatırladaq ki, 2019-cu ildə «Kapitalbank» 52,6 milyon manat ipoteka krediti ayırmışdı. Nəticədə, 2019-cu ildə kredit portfelində ipotekanın payı 2,9% olduğu halda, 2020-ci ilin yekununda bu rəqəm 10,5%-ə yüksəlib.