Gürcüstanda milli valyutanın - GEL-in devalvasiyası ölkədə istehlak mallarının, o cümlədən yanacağın qiymətlərinin artmasına səbəb olub.
FED.az xəbər verir ki, neft məhsullarının ardınca avtomobillər üçün maye qazın (“avtoqaz”) da qiymətinin artacağı gözlənilir.
Mətbuatın yazdığına görə, yaxın günlərdə “avtoqaz”ın qiyməti hər kubmetr üçün 5-10 tetri bahalaşacaq. Hazırda “avtoqaz”ın bir kubmetri 1,40-1,42 GEL təşkil edir.
Qazdoldurma məntəqələrinin sahibləri qiymətlərin artacağını istisna etmirlər və bundan narahatçılıq keçirirlər. Bu məntəqələrin sahibləri qiymət artımından sonra satış həcminin aşağı düşəcəyindən ehtiyatlanırlar.
“Avtoqaz”la yanaşı, sıxılmış maye qazın da qiymətinin artacağı gözlənilir.
“İSLET GROUP” şirkətinin nümayəndəsi Yuri Cibutinin sözlərinə görə, hər şey milli valyutanın – larinin devalvasiyasından asılıdır. Əgər larinin ucuzlaşması davam edərsə, maye qazın qiyməti mütləq qalxacaq.
“Ayrballon” şirkətinin nümayəndəsi Nodar Ramişvili də hesab edir ki, milli valyutanın dəyərdən düşməsi qazın qiymətinin artmasına səbəb olacaq.
Ekspertlərin fikrincə, “avtoqaz”ın qiymətinin artması isə ölkədə istehlak qiymətlərinin, xüsusən kənd təsərrüfatı məhsullarının bahalaşmasına, nəticədə iqtisadiyyatın zəifləməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, Gürcüstanda milli valyuta – GEL-in ucuzlaşması davam edir. Bu gün ölkədə milli valyuta dollarla müqayisədə çox aşağı düşüb. Belə ki, 1 ABŞ dolları 2.64, 1 Azərbaycan manatı 1.55 GEL-ə dəyişdirilir. Larinin devalvasiyası və istehlak mallarının qiymətlərinin bahalaşması isə davam edir.
@azertag