Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Bank, Təhsil Nazirliyi, “Mastercard”ın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Smart tələbə kartı” layihəsi reallaşdırılıb.
FED.az xəbər verir ki, UNEC-də keçirilən tədbirdə ilk 20 “Smart tələbə kartı” birinci kursunda təhsil alan 20 nəfər Prezident Təqaüdçüsünə verilib.
Eləcə də bax:Azərbaycanın bu universitetində 33 ölkədən - 274 XARİCİ TƏLƏBƏ TƏHSİL ALIR
Rektor Ədalət Muradov bildirib ki, son 5 ildə UNEC-də elektron universitet modeli tətbiq edilir və “Smart tələbə kartı” da bu model çərçivəsində həyata keçirilib.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev isə bildirib ki, bu layihə ilə gənclər də ödəniş bazarına daxil olacaq və təhsillə bank sistemi arasında əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar yeni yaradılan məhsulun tələbələrə verəcəyi üstünlüklərindən danışıb. Smart tələbə kartı vasitəsilə təqaüdlərin alınması, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərin həyata keçirilməsi mümkündür. Eləcə də, regionlarda yaşayan valideynlər övladlarının smart tələbə kartlarına rahatlıqla pul göndərə biləcək. Tələbələr smart kartından universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə kartının əhatə imkanları daha da arta bilər, onlardan ictimai nəqliyyatda, endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə oluna bilər.