Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu.
Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.
Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edilmişdir.