Ləğv prosesində olan “Bank Standard” QSC-nin və ”Zaminbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınması başa çatıb.
Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə “Bank Standard” müflis elan edilib və Fond 04.10.2016-cı il tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bundan başqa, Ləğv prosesində olan “Zaminbank” ASC-nin də kreditorlarının tələblərinin qeydə alınması başa çatıb. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2016-cı il tarixli qərarı ilə ”Zaminbank” müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb. Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən ləğv prosesində olan ”Zaminbank”ın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Məlumata görə, ləğvedici tərəfindən müflis elan edilmiş “Bank Standard”a qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə oktyabrın 12-də “Zaminbank”a qarşı oktyabrın 5-də Fondun rəsmi internet səhifəsində, bəzi KİV-lərdə, və Vergilər qəzetində elan yerləşdirilib.
“Banklar haqqında” qanunun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır. Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ”Zaminbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 oktyabr 2016-cı il tarixdən başlanılıb və 05 dekabr 2016-cı il tarixində başa çatdırılıb. Ləğv prosesində olan “Bank Standard” QSC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 12 oktyabr 2016-cı il tarixdən başlanılıb və 12 dekabr 2016-cı il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq”, - deyə məlumatda vurğulanıb.