Dünya Bankı Qrupu (WBG) Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) məsləhət fəaliyyəti çərçivəsində Azərbaycanın maliyyə infrastrukturunun təkmilləşdirilməsi və nisbətən kiçik sahibkarlıq subyektlərinin kredit vəsaitinə daha asan çıxış əldə etmələrinə şərait yaratmaq məqsədilə ölkənin tənzimləmə sahəsində sistem əhəmiyyətli bir sıra islahatların həyata keçirilməsinə yardım edib.
FED.az APA-ya istinadən xəbər verir ki, bu gün IFC, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq çərçivəsində son on il ərzində həyata keçirilmiş “Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri” layihəsinin nəticələrini təqdim edib. IFC-nin göstərdiyi məsləhət, bir çox hallarda daşınmaz əmlak kimi aktivləri olmayan nisbətən kiçik sahibkarlıq subyektlərinə daşınar əmlaklarından (o cümlədən, dövriyyədə olan mallar, debitor borclar və avadanlıqdan) girov kimi istifadə etmək imkanını verən “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun hazırlanmasına yardım edib.
Bu islahat nəticəsində 2018-ci ilin mart ayında daşınar əmlakın yüklülüyünün tam elektron dövlət reyestri yaradılmışdır. Maliyyə sektorunda nəzarət qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) əsasən, Azərbaycanda kredit verən təşkilatlar, nisbətən kiçik sahibkarlıq subyektlərinin kredit vəsaitinə daha asan çıxış əldə etmələrinə şərait yaratmaqla həmin sahibkarlıq subyektləri daxil olmaqla 32 000 borcludan kredit almaq üçün verilmiş müraciətlərə dair reyestrə bildiriş göndəriblər.
“Kiçik sahibkarlıq subyektləri Azərbaycan iqtsadiyyatının onurğa sütunudur. Həyata keçirdiyimiz islahatlar sonda iqtisadi artıma rəvac verməklə minlərlə kiçik sahibkarlıq subyektlərinin potensialının aşkar edilməsinə yardım göstərəcək”, - deyə MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.
IFC-nin yardımı ilə Azərbaycanda kredit hesabatlılığı sistemini qabaqcıl təcrübələrə uyğunlaşdırmaqla, 2018-ci ildə ilk özəl kredit bürosunun yaradılmasına imkan verən “Kredit büroları haqqında” müasir qanun da qəbul edilib. Bu, maliyyə təşkilatlarının risklərini azaltmaqla və kredit verilməsini asanlaşdırmaqla kredit məlumatının keyfiyyət və çeşidinin artırılmasını mümkün edib. Fəaliyyətə başladığı andan özəl kredit bürosuna təxminən üç milyon sorğu daxil olub.
Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının (İƏT) regional müdir müavini Simon Heberli bildirib ki, bu layihə, hökumətlər və beynəlxalq təşkilatların öz güclərini birləşdirməsi halında sistem miqyaslı dəyişikliklərə nail oluna bilinməsini göstərir. Xanım Heberli Azərbaycanı ölkədə aparılan islahatlarla bağlı təbrik efib və təkmilləşmiş maliyyə infrastrukturunun ölkənin maliyyə sektorunu daha da sabitləşdirəcəyindən əmin olduğunu deyib.
“Azərbaycan və Şərqi Avropada banklar nisbətən kiçik sahibkarlıq subyektlərinə kreditin verilməsinin maliyyə baxımından yaxşı əsaslandırılmasını görə bilirlər, lakin bu sahədə potensial tam istifadə edilməyib. Burada başlıca məsələ həmin əməliyyatları əminliklə həyata keçirmək üçün banklara şərait yaradacaq maliyyə infrastrukturunu (məsələn, kredit bürolarını) yaratmaqdan ibarətdir. Azərbaycanda özəl sektorun inkişafına təkan vermək istiqamətində yardım göstərmək imkanına malik olduğumuzdan məmnunuq”, - deyə IFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks bildirib.
Tənzimləmə sahəsində islahatlar Azərbaycana Dünya Bankı Qrupunun 2018-ci ilin oktyabr ayında dərc etdiyi, dünyanın 190 ölkəsində mövcud olan işgüzar mühiti dərindən araşdıran sonuncu “Doing Business” hesabatı üzrə müvafiq göstəricilərdə əhəmiyyətli irəliləyişə nail olmuş ilk 10 ölkə sırasında yer tutmasına yardım edib. Ayrı-ayrı ölkələr arasında ən çox sayda, səkkiz islahatı Azərbaycan həyata keçirib.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-ə üzv olub. O vaxtdan IFC 73 mln. ABŞ dollarını səfərbərlik təşəbbüslərinə xərcləməklə ölkə iqtisadiyyatına toplam 473 mln. dollar civarında vəsait qoyub, maliyyə xidmətləri, infrastruktur və istehsalat daxil olmaqla bir sıra sahələr üzrə 56 layihəni maliyyələşdirib. Əlavə olaraq, IFC ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində ticarətin dəstəklənməsinə təxminən 100 mln. dollar, Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün isə 250 mln. dollar həcmində vəsait təmin edib. IFC həmçinin özəl sektorun inkişafına təkan vermək məqsədini daşıyan bir sıra məsləhət layihələrini həyata keçirib.