Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsi prosesində iştirak etmir.
FED.az xəbər erir ki, bunu “Report”a açıqlamasında IFC Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibki Şlomer (Wiebke Schloemer) deyib.
Eləcə də bax: IFC Azərbaycanın maliyyə sektorunun daha da sabitləşəcəyinə - ƏMİNDİR
V.Şlomerin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda özəl sektorun inkişafına dəstək verməyə davam edəcək: “IFC özəl sektorun gücünü səfərbər etməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və davamlı inkişafına göstərdiyi dəstəyə sadiqdir. Bizim ABB-nin özəlləşdirilməsi ilə bağlı hər hansı bir detallar barədə məlumat vermək səlahiyyətimiz yoxdur, çünki, bu məsələdə, biz, müzakirə tərəfləri deyilik”.
Xatırladaq ki, IFC-nin belə özəlləşmələrdə iştirakla bağlı beynəlxalq təcrübəsi var və qurumun əldə etdiyi pay təxminən 10% civarında olur.
Qeyd edək ki, ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir.
Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin iyul ayından sağlamlaşdırma mərhələsindədir.