Bank sektorunun inkişafı hər bir ölkənin iqtisadiyyatının vacib göstəricilərindən biri, müəyyən mənada güzgüsüdür. Təsadüfi deyil ki, Azərbaycan – Qafqazın in böyük iqtisadiyyatı olaraq güclü bank sektoruna malikdir. Regionda ən çox bank da Azərbaycandadır.
I yarımildə əcnəbilər Azərbaycanda bank kartları ilə 1.2 mlrd. manatlıq əməliyyat aparıblar
Eyni zamanda qonşu Gürcüstan da, son illər bank sektorunu gücləndirib.
Cənubi Qafqaz ölkələrində bank sektorunun mənzərəsinin aydın olması üçün FED.az Azərbaycan, Gürcüstan və Ermənistanın bank sektorunun liderlərini araşdırıb.
Əvvəla qeyd edək ki, yuxarıda deyildiyi kimi, ən geniş bank sektoru Azərbaycandadır - 22 bank. Gürcüstanda 14 bank, Ermənistanda isə 17 bank fəaliyyət göstərir.
FED.az xəbər verir ki, bank sisteminin gücünü müəyyən etmək üçün isə hər bir ölkədə ən yüksək aktivlərə sahib olan top 5 bankın onların aktivlərinə baxmaq tələb olunur. Qeyd edək ki, göstəricilər 2023-cü ilin sonuna olan (bitmiş il üzrə) məlumatlardır.
Bu banklar, ölkələrinin maliyyə bazarlarına və iqtisadiyyatına təsir edən əsas oyunçulardır və onların fəaliyyətləri bölgənin iqtisadi inkişafında mühüm rol oynayır.
AZƏRBAYCANIN BANK SİSTEMİ (1 ABŞ DOLLARI – 1,7 MANAT)
Azərbaycanda 22 bank fəaliyyət göstərir. Banklarının cəmi aktivləri 49,2 milyard manat və ya 28,93 milyard dollardır.
Bank sektorunun lideri – Azərbaycan Beynəlxalq Bankı (ABB)
Azərbaycan Beynəlxalq Bankı – ABB 1992-ci ildə yaradılıb, hazırda ölkənin ən böyük bankıdır, bankın əsas səhmdarı dövlətdir – səhmlərin 96,4 faizi dövlətə, qalan səhmləri isə təqribən 1800 səhmdara məxsusdur.
Yeri gəlmişkən, hazırda Azərbaycan Beynəlxalq Bankı İPO ərəfəsindədir – bankın yeni buraxılmış 10% səhmi ölkə vətəndaşlarına satışa çıxarılacaq. Səhmlərin satışı abunə yazılışı formasında həyata keçiriləcək, hansı ki, iyunun 11-də başlayıb və sentyabrın 10-da başa çatmalıdır.
Nəticədə Dövlətin ABB-də səhm payı 90%-ə düşəcək, 10% isə fiziki şəxslərin, ölkə əhalisinin payına düşüb.
FED.az xəbər verir ki, ABB aktivlərinin həcmi, müştəri bazası, beynəlxalq əməliyyat portfelinə görə, təkcə Azərbaycannı deyil, regionun ən byöük banklarından sayılır. Ölkə üzrə 66 filial və 13 şöbəyə malik olan ABB bankomatların sayına görə ölkə lideridir – onun 900 bankomatı, eləcə də ticarət və xidmət sahələrində 13 min posterminalı var.
ABB-nin hüquqi şəxs müştərilərinin sayı 16 mindən, fiziki şəxs müştəriləri isə 2 milyon nəfərdən artıqdır. Bankın əməkdaşlarının sayı 3 min nəfəri keçib.
ABB-nin «Azərikard» prosesinq mərkəzi və «ABB invest» investisiya şirkəti var.
Ölkənin ən güclü - ən çox aktivə malik 5 bankı:
1. Azərbaycan Beynəlxalq Bankı (ABB) - 13 668 242 min manat – 8 040 142 min dollar
2. «Kapital Bank» - 8 659 618 min manat – 5 093 892 min dollar
3. «Paşa Bank» - 8 651 371 min manat – 5 089 041 min dollar
4. «Xalq Bank» - 3 082 547 min manat – 1 813 279 min dollar
5. «Bank Respublika» - 2 130 976 min manat – 1 253 515 min dollar
Beləliklə, Azərbaycanın ən iri 5 bankının cəmi aktivləri 21,3 milyard dollar təşkil edir. Bu ölkənin bütün banklarının ümumi aktivlərinin 73%-ni təşkil edir.
GÜRCÜSTANIN BANK SİSTEMİ (1 ABŞ DOLLARI – 2,7 LARİ)
Gürcüstanda 14 bank fəaliyyət göstərir. Banklarının cəmi aktivləri 78,6 milyard lari və ya 29,11 milyard dollardır.
Bank sektorunun lideri – TBC Bank
1992-ci ildə, yəni Azərbaycan Beynəlxalq Bankı ilə eyni ildə yaradılan TBC Bank Gürcüstanın bank sektorunun şəksiz lideridir. Bankın adı vaxtilə şirkət olarkən daşıdığı adla əlaqəlidir - Tbilisi Business Centre (TBC).
FED.az xəbər verir ki, 2020-ci ildə «TBC Bank» Özbəkistana - son illər sürətlə inkişaf edən və Azərbğaycan biznesinin də böyük maraq göstərdiyi ölkəyə ekspansiyaya başlayıb. 2020-ci ildə «TBC Bank» Özbəkistanda bank lisenziyası alıb və filialını yaradaraq Özbəkistandakı 2 rəqəmsal bankdan biri olub. 2025-ci ilədək «TBC Bank» Özbəkistanda 50 filial açmaq niyyətindədir. Ümumiyyətlə isə TBC Bank 2024-2025-ci illərdə Cənub-şərqi Asiya ölkələri, Yaxın Şərq və MDB ölkələrində nümayəndəliklər yaratmaq niyyətindədir.
«TBC Bank»ın lizinq şirkəti - «TBC Lizinq», bank olmayan kredit təşkilatı «TBC Kredit», investisiya şirkəti «TBC İnvest» şirkətləri var. «TBC Kredit» Azərbaycan bazarında da işləyir, «TBC İnvest» isə İsraildə çalışır və bu ölkədən olan müştərilərin TBC Bankla əməliyyatlarına xidmət edir.
Nəhayət, 2019-ci ildə «TBC Bank» Gürcüstanın elektron ticarət platforması olan «My.GE»nin səhmlərinin 80%-ni alıb.
Ən maraqlı məqam – TBC Bankın səhmləri London Fond birjasında dövr edir və «FTSE 250» indeksinə daxildir.
Ölkənin ən güclü - ən çox aktivə malik 5 bankı:
1. «TBC Bank» – 31 771 136 min lari – 11 767 087 min dollar
2. «Halyk Bank» – 15 494 368 min lari – 5 738 655 min dollar
3. «Liberty Bank» (Georgia) – 4 095 597 min lari – 1 516 888 min dollar
4. «Basis Bank» – 3 618 949 min lari – 1 340 351 min dollar
5. «Credo Bank» – 2 084 192 min lari – 771 923 min dollar
Beləliklə, Gürcüstanın ən iri 5 bankının cəmi aktivləri 21 milyard dollar təşkil edir. Bu ölkənin bütün banklarının ümumi aktivlərinin 72%-ni təşkil edir.
ERMƏNİSTANIN BANK SİSTEMİ (1 ABŞ DOLLARI – 387 DRAM)
Ermənistanda 17 bank fəaliyyət göstərir. Bankların cəmi aktivləri 9 191 milyard dram və ya 23,74 milyard dollardır.
Bank sektorunun lideri – «Ardshinbank»
«Ardshinbank» 2002-ci ildə yaradılıb, 2003-cü ildə fəaliyyətə başlayıb.
Bankın əsas fəaliyyəti korporativ sektora, xüsusilə dövlətin strateji və eknergetika sektorlarıvna yönəlib. Eləcə də bank kiçik və orta bizneslə işləyir.
FED.az xəbər verir ki, «Ardshinbank» Ermənistanın qiymətli kağızlar bazarının aktiv iştirakçısı və dövlət istiqrazları bazarında agentdir. Sözügedən bank Ermənistanda 100 milyon dollarlıq avro istiqrazlar buraxmış ilk təşkilatdır.
«Ardshinbank» Ermənistanda ən geniş xidmət şəbəkəsinə malik olan bankdır - 60 filialı var. Maraqlı məqam odur ki, Ermənistanın ən böyük bankı olan «Ardshinbank»ın Parisdə nümayəndəliyi var.
Ermənistanda ən çox aktivə malik 5 bank:
1. «Ardshinbank» – 1 626 920 000 AMD – 4 203 928 min dollar
2. «Ameriabank» – 1 398 420 000 AMD – 3 613 488 min dollar
3. «AMIO Bank» – 822 600 000 AMD – 2 125 581 min dollar
4. «ACBA Bank» – 776 900 000 AMD – 2 007 493 min dollar
5. «Inecobank» – 584 960 000 AMD – 1 511 524 min dollar
Ermənistanın ən iri 5 bankının cəmi aktivləri 13,5 milyard dollar təşkil edir ki, bu da ölkənin bütün banklarının ümumi aktivlərinin 57%-i deməkdir.
Bank sisteminin ölkə iqtisadiyyatındakı rolu – geri qalırıq
Bununla yanaşı, əhali sayı və ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda Azərbaycanın bank sektorunun rolunun qonşularla müqayisədə nisbətən zəif olduğu görünür. Belə ki,
FED.az xəbər verir ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatının həcmi – Ümumi Daxili Məhsulu 123 milyard manat və ya 73,4 milyard dollar təşkil edib. Nəticədə bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti cəmi 40% təşkil edib. Gürcüstan və Ermənistanda bu nisbət 2 dəfədən çox artıqdır.
2023-cü ildə Gürcüstanda Ümumi Daxili Məhsul 80,2 milyard lari və ya 30,5 milyard dollar təşkil edib. Bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti 95% təşkil edir.
Ermənistanda da oxşar vəziyyətdir - 2023-cü ildə Ermənistanda Ümumi Daxili Məhsulun həcmi 9 trilyon 502,8 milyard dram və ya 23,5 milyard dollar olub. Nəticədə Ermənistanda bank sektorunun aktivlərinin ÜDM-ə nisbəti 101% təşkil edib.