2019-cu ilin Yanvar ayında Gürcüstanın bank sektorunun lideri "TBC Bank" və Azərbaycan bankı “Nikoyl Bank” arasında səhmdar sazişi imzalanıb.
FED.az-ın məlumatına görə, bu barədə "TBC Bank"ın 2018-ci il üzrə illik hesbatında bildirilir.
Qeyd edilib ki, Saziş "TBC Bank"ın Azərbaycanda biznesinin inkişafına yönəlib və Bankın Azərbaycanda törəmə müəssisəsi olan “TBC Kredit”in “Nikoyl Bank” ilə birləşməsini nəzərdə tutur.
Məlumata görə, birləşmə nəticəsində "TBC Bank" “Nikoyl Bank”ın nizamnamə kapitalında 8.34% paya sahib olur. Həmçinin sazişə görə, qarşıdakı 4 il ərzində "TBC Bank"ın öz iştirak payını 50%+1 səviyyəsinə qaldıra bilər.
4 illik kapital qoyuluşu planına görə, "TBC Bank" hər il “Nikoyl Bank”a 3-5 milyon ABŞ dolları arasında sərmayə qoyacaq.
"TBC Bank" "Nikoyl Bank"ın idarə heyətində təmsil olunacaq və birləşmə nəticəsində yaranacaq yeni Bankın strategiyasının inkişafında və icrasında həlledici rol oynayacaq. "TBC Bank" Gürcüstanda qazandığı təcrübdən “Nikoyl Bank”ın idarə edilməsində istifadə etmək niyyətindədir. "Nikoil Bank"ın tamamilə rəqəmsal banka çevrilməsi hədəflənir. "TBC Bank", pərakəndə və KOS bazarlarında "Nikoyl Bank"ın böyüməsini dəstəkləyəcək.
Xatırladaq ki, 2018-ci ilin İyul ayında “Nikoyl Bank” “TBC Bank Group PLC”nin törəmə şirkəti olan “TBC Bank” ilə strateji tərəfdaşlıq barədə öhdəliksiz sazişi imzaladığını açıqlamışdı. Açıqlamada qeyd edilmişdi ki, “TBC Bank”ın Azərbaycanda törəməsi “TBC Kredit” bank olmayan kredit təşkilatı “Nikoyl Bank” ilə birləşəcək. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq. Eyni zamanda “TBC Bank”, 50% + 1 səhm payına sahib olmaq məqsədilə birləşmiş təşkilatın əlavə səhmlərinin əldə edilməsi üçün 3 illik koll-opsion alacaq.
Qeyd edək ki, artıq "Nikoyl Bank" "TBC Bank"ın korporativ üslubunu mənimsəyib. Bank "TBC Bank"ın rənglərindən istifadə etməyə başlayıb, artıq bu, "Nikoyl Bank"ın saytından da aydın hiss olunur. "Nikoyl Bank"ın rebrendinq edərək "TBC" loqosu ilə yoluna davam edib-etməyəcəyi barədə bir məlumat verilməyib.
Online.az saytının məlumatına görə, tbcbank.az domeni artıq alınıb. Bu domenə daxil olduqda www.tbckredit.az saytına yönəlir.