Gürcüstan bankları cari ilin 10 ayında vətəndaşlara 25,8 milyard lari (təqribən 16,5 milyard manat həcmində) kredit veriblər.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Bank kreditləri yenidən azalır
Bankın məlumatına görə, fiziki və hüquqi şəxslərin banklardan götürdükləri kreditlərin həcmi hər il artır. Kreditlər müxtəlif sahələr üzrə verilib.
Cari ilin 10 ayında Gürcüstan bankları tərəfindən ən çox kredit sənaye, ticarət, tikinti, restoran və otelçilik sahələrinə ayrılıb.
Hesabat dövründə sənaye sahəsinə 2,8 milyard lari, ticarət sahəsinə 2,5 milyard lari, tikintiyə 1,1 milyard lari, restoran və otel işlərinə isə 1,03 milyard lari verilib.
Digər sahələrə ayrılan kreditlər isə bir qədər azdır.
Belə ki, hesabat dövründə daşınmaz əmlak üzrə əməliyyatların aparılması üçün 551 min 219 lari, kənd təsərrüfatı sahəsinə 409 min 462 lari, səhiyyəyə 459 min 68 lari, təhsilə isə 134 min 622 lari kredit ayrılıb.
Bankın məlumatına görə, cari ilin oktyabrında verilən kreditlərin həcmi sentyabr ayı ilə müqayisədə 3,7 faiz və ya 921,8 milyon lari artaraq 25,8 milyard lari təşkil edib.
Milli valyuta ilə verilən kreditlərin həcmi 2,2 faiz və ya 237,5 milyon lari xarici valyutada verilən kreditlərin həcmi isə 4,9 faiz və ya 684,3 milyon lari artıb.
Bankın məlumatına görə, yanvar-oktyabr aylarında fiziki şəxslərə verilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 484,2 milyon lari və 3,6 faiz artaraq 13,8 milyard lari təşkil edib.