«Günaybank» 2022-ci ilin ilk yarısı üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 7 dəfə azalıb.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
Hesabatda əsasən ilin əvvəlindən indiyədək «Günay Bank»ın faiz gəlirləri 7,3 milyon manat (3,4% artım), faiz xərcləri 5,3 milyon manat (20% artım) olub. Bankın kreditlərdən daxil olan faiz gəlirləri 300 min manatdan çox azalaraq 5,2 milyon manata enib.
«GünayBank» ilk yarım ildə başqa banklarda depozit kimi yatırdığı vəsaitlərə görə 1,6 milyon manat faiz gəliri əldə edib, bankın özündəki depozitlərə görə 2,1 milyon faiz ödəyib.
Dövrün sonunda bankın xalis faiz gəliri 1,96 milyon manat olub (650 min manat və ya 25% azalma).
Bankın qeyri-faiz gəlirləri də 14%-dən çox azalaraq 3,9 milyon manatdan 3,3 milyon manata enib. Azalmanın səbəbi xarici valyuta əməliyyatlarından gələn gəlirlərin 2 dəfədən çox azalaraq 1,4 milyondan 650 min manata enməsidir.
Bankın qeyri-faiz xərcəri, bütün maddələriilə birlikdə «yerində sayıb» - 4,7 milyon manat. Əmək haqqı, ümumi inzibati xərclər, hətta amortizasiya xərcləri dəyişməyib.
Nəticədə bank yarım ili 540 min manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın əməliyyat mənfəəti 3 dəfə azalıb.
Bunun 265 min manatı mümkün zərərlər üzrə ehtiyatlara ayrılıb, qalan 275 min manatdan isə 187 min manat mənfəət vergisi ödənilib. Beləliklə «Günaybank» yarım ili 88 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 626 min manat olmuşdu. Yəni bu göstərixci 7,1 dəfə aşağı düşüb.
İlk yarım ilin yekunlarına əsasən «Günaybank»ın aktivləri 305,7 milyon manat (19% artım), kredit portfeli, 204 milyon manat (2,2% artım), nağd vəsaitləri 59,8 milyon manat (3 dəfə artım) təşkil edib. Əvəzində bankın əmlak və avadanlıqlarında yarım milyondan artıq azalma var.
«Günaybank»ın biznes və istehlak kreditəri portfeli 6 ay əvvəl olduğu kimi qalıb, cüzi azalma var – böyük ehtimalla bank bu istiqamətlər üzrə yeni kreditlər ayırmır, indiyədək verilən kreditləri toplamaqla məşğuldur.
Yarım ilin yekununda bankın öhdəlikləri 240 milyon manata yaxınlaşıb, depozito portfeli 133,7 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 85,8 milyon manat, hüquqi şəxslərin depozitləri isə 47,8 milyon manat olub.
Bu dövrdə «Günaybank» başqa banklar qarşısında borclarını 9 milyon manat artıraraq 92,6 milyon manata çatdırıb.
Hesabat dövrünün sonuna Bankın kapitalında ciddi dəyşimə baş verməyib – 65,8 milyon manat.