FED.az xəbər verir ki, “Günaybank” ASC yayılan məluamtlarla bağlı rəsmi açıqlama yayıb. İdarə heyətinin sədri Zaur Əhmədov bildirib ki, bankdan hər hansı vəsaitin qanunsuz yolla çıxarılması qeyri-mümkündür.
Z.Əhmədov qeyd edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində “Günaybank”ASC-nin əməkdaşı Emin Zeynalovun bankın əmanətçilərinin vəsaitlərini mənimsəyərək ölkədən qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır. “Bu məlumatlar həqiqəti əks etdirmir. E.Zeynalov bir ilə yaxındır ki, Günaybank ASC-də çalışırdı. Onun şəxsi borc öhdəlikləri olması barədə şübhələr olduğundan və Bankın gələcəkdə hər hansısa bir reputasiya risklərinə məruz qalmaması səbəbi ilə E.Zeynalov - iyun ayının 5-də vəzifəsindən azad edilib.
Z.Əhmədov əlavə edib ki, E.Zeynalovun şəxsi borc öhdəliklərinin bankın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Korporativ idarəetmə standartlarına əsasən, dördgöz prinsiplərinə uyğun olaraq bankda tətbiq olunan daxili nəzarət və hesabatlıq sistemləri “Günaybank”ASC-dən hər hansı vəsaitin qanunsuz yolla çıxarılmasını mümkünsüz edir. Bank bütün normativlərə həmişə əməl etmiş və bankın maliyyə dayanıqlığı, likvidliyi tamamilə prudensial normalara uyğundur.
Bu cür dəqiqləşdirilməmiş məlumatların kütləvi informasiya vasitələri tərəfindən verilməsi əmanətçilər və bankın müştəriləri arasında çaşqınlıq yaratmaqla “Günaybank”ASC üçün cəmiyyətdə imic riski yaradır. “Günaybank”ASC, kütləvi informasiya vasitələrini Bankla bağlı hər hansı bir məlumatı yaymaqdan öncə Bankın rəsmiləri ilə dəqiqləşdirməyə çağırıb.
Günaybank-dan RƏSMİ AÇIQLAMA
18:07
18 İyun 2018