Azərbaycanın aparıcı banklarından olan «Günay Bank»ın 2020-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat rübündə bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 3 milyon 129 min manat, faiz xərcləri isə 12,5% azalaraq 1 milyon 803 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 75% artaraq 1 milyon 326 min manat olub. Faiz gəlirlərinin artımına səbəb rüb ərzində bankın kreditlər üzrə daha çox faiz qazanması olub – ötənilki 1,9 milyon manata qarşı 2,3 milyon manat.
Banklar 2020-ci ilin I rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Əvəzində bank depozitlər üzrə faiz ödənişini təqribən 100 min manat azaldaraq 880 min manatdan 790 min manat endirib. Üstəlik bu rüb bank Mərkəzi Banka 170min manat az faiz ödəyib.
Birinci rübdə «Günay Bank»ın qeyri-faiz gəlirləri 71,4% artaraq 2 milyon 643 min manat, qeyri-faiz xərcləri isə 24,4% artaraq 2 milyon 261 min manat olub.
Bankın qeyri-faiz gəlirlərinin artmasına haqq və kommisiya gəliri səbəb olub – 2,7 dəfə artıb. Əmək haqqı və inzibati xərclər isə əvvəlki illə müqayisədə 40% artıb.
Mümkün zərərlər üzrə ehtiyatlara 632 min manat ayırdıqdan (ötən illə müqayisədə 7 dəfə artıq) sonra bankın xalis mənfəəti 1 milyon 076 min manat təşkil edib. Bu ötən illə müqayisədə 2,7 dəfə artıqdır.
2020-ci ilin birinci rübünün sonunda bankın aktivləri ilin əvvəli ilə müqayisədə 23,5% artaraq 236 milyon 225 min manat təşkil edib. Bu dövrdə bankın kreditləri təqribən 20% artaraq 146,1 milyon manatdan 175,1 milyon manata yüksəlib. Bu dövrdə bankın daşınmaz əmlak kreditləri 2 dəfədən çox artaraq 27 milyon manatdan 56 milyon manata yüksəlib. Biznes kreditlərində isə artım cüzi olub – 2,5% artım - və 114 milyon manatdan 117 milyona yüksəlib.
Birinci rübün sonunda bankın cəmi kapitalı təqribən 7% artaraq 65,6 milyon manata yüksəlib. Bankın öhdəlikləri isə 31,4% artaraq 170,7 milyon manat olub.
Rüb ərzində bankdakı depozitlər 37% artaraq 96 milyon manata yüksəlib. 26 milyon manaitlıq artım tamamilə fiziki şəxslərin əmanətinin hesabına olub, hüquqi şəxslərin bankdakı depozitləri isə cüzi də olsa azalıb.
Üstəlik, birinci rübdə «Günay Bank» başqa banklardan 13 milyon manatdan artıq kredit götürüb və belə kreditlərini 51 milyondan 64 milyona yüksəldib.
Xatırladaq ki, ölkənin ən qədim kommersiya banklarından biri olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir, tanınmiş iş adamı Mahmud Məmmədov və onun ailə üzvlərinə məxsusdur.