Fəaliyyətini dayandıran, müflis elan edilən və hazırda ləğvetmə prosesində olan «Günay Bank»ın kredit portfelinin böyük hissəsi aidiyyatlı, yəni bankla əlaqəli şəxslərə verilib.
FED.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev məlumat verib.
Onun sözlərinə görə, bağlanmaq ərəfəsində «Günay Bank»ın ümumi kredit portfeli 202 milyon manat olub, bunun 1,8 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən kreditlər, 575 min manatı kənd təsərrüfatı layihələri üzrə kreditdir, 78,7 milyon manat isə Azərbaycan Respublikası İpoteka Fondunun vəsaitidir (yəni ipoteka kreditləridir). Tural Piriyev bildirib ki, ipoteka kreditləri portfeli o, qanunvericiliyə uyğun olaraq məhkəmə qərarı ilə «Günay Bank»dan digər banklara ötürüləcək.
Qeyd edək ki, hələ bağlanmazdan əvvəl də, «Günay Bank»ın hesabatlarından aydın olurdu ki, bankın kredit portfelinin böyük hissəsi işlək deyil.
Fond rəhbəri bildirir ki, bankın kreditlərinin böyük hissəsi - 121 milyon manata yaxın kredit isə bankın öz vəsitləri hesabına verilib, burada aidiyyatı kreditlər, yəni bankla əlaqəli şəxslərə verilən kreditlər üstünlük təşkil edir: «Əlaqəli şəxslər, yəni yerli və beynəlxalq qanunvericiliklə - aidiyyatı şəxslər kateqoriyasına aid olan şəxslərdən və onlara verilən kreditlərdən söhbət gedir. Bu kreditlər bankın hesabına verilən kreditlərdə böyük çəkiyə malikdir».
T.Piriyev bildirib ki, bu məsələnin həlli üçün aidiyyatlı şəxslər, o cümlədən bankın səhmdarları ilə danışıqlar gedir, artıq ilkin danışıqlar mərhələsi başlanılıb və onların ödənilməsi istiqamətində addımlar atılır, yəni bu proses başlayır.
Fond rəhbərinin sözlərinə görə, həmin kreditlərin həm təminatlı, həm də təminatsız olan hissələri var: «Burada daşınmaz və daşınar əmlakla təmin olunan hissələr var. Onları ilkin olaraq Mərkəzi Bank araşdırır, sonra isə bununla bağlı məlumatlar ləğvediciyə ötürülür, və biz onların analizini aparırıq. İndiki mərhələdə bu barədə dəqiq nəsə söyləmək çətin olar, əlbəttə, əlimizdə bəzi məlumatlar var, amma onların analizi, xüsusən də həmin kreditlərin yenidən analizi bizə daha müfəssəl şəkildə mənzərəni göstərəcək. Bunun üçün müəyyən vaxta ehtiyac olacaq, çünki bildiyiniz kimi, hazırda Əmanətlərin Sığortalanması Fondunun işçilərinin sayı məhduddur və bütün resurslarımız ilk növbədə kompensasiyların ödənilməsinə yönəlib. İstəyirik ki, həmin sahədə müştəri məmnuniyyətini qarşılayaq, geri qalan hissəni daha sərbəst şəkildə həll edəcəyik».