Azərbaycanın ən kiçik banklarından olan «Günay Bank» 2023-cü ildə də aktivlərini itirməkdə davam edir. Bankın kredit portfelinin böyük hissəsi isə qaytarılmır və uzun müddətdən bəri hərəkətsizdir.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə «Günay Bank»ın aktivləri daha 7 milyon manat azalaraq ilin əvvəlindəki 281 milyon manatdan 274 milyon manata düşüb.
Bu azalma özünü bankın nağd vəsaitlərində və başqa banklara verilən kreditlərdə göstərib.
Nağd vəsaitlər və banklara verilən kreditlər hər birində 5 milyon manat azalıb.
Əvəzində 1-ci rübdə bankın kreditləri 2 milyon manat artaraq 200 milyon manatı keçib.
Kreditlərin 114 milyon manatı biznesə, 3,9 milyon manatı istehlak kreditlərinə, təqribən 83 milyon manat isə daşınmaz əmlak sektoruna ayrılıb.
Amma bu kredit portfelinin formal göstəricisidir. Reallıqda isə kreit portfelinin yarıdan çoxu – 116 milyon manatı faktiki olaraq işləmir – uzun illərdir ki, qaytarılmır. Nəticədə hazırda «Günaybank»ıvn kredit portfelinin yalnız 86 milyon manatı işləyir.
«Günay Bank»ın aktivləri qismində bir də 12,8 milyon manatlıq əmlakı var. Bank prinsipial olaraq qiymətli kağızlara pul yatırmır.
1-ci rübdə «Günay Bank»ın öhdəlikləri də təqribən 7 milyon manat azalaraq 213 milyon manatdan 206 milyon manata enib.
Azalma bir tərəfdən depozit portfelinin aşağı düşməsi ilə bağlıdır – rüb ərzində bankdakı depozitlər 3 milyon manat azalaraq 111 milyondan 108 milyon manata enib.
Azalmanın səbəbi bankda vəsaiti olan şirkətlərin buradakı pullarının bir hissəsini geri çəkməsidir – bankda hüquqi şəxslərin depozitləri 37,6 milyon manatdan 35 milyon manata enib.
Öhdəliklərin azalmasının digər səbəbi daha ürəkaçandır – «Günay Bank» Mərkəzi Banka olan borcunun 900 min manatını, başqa banklara olan borclarının isə 2 milyonunu qaytarıb (90 milyon manata düşüb).
İqtisadi çətinliklərə baxmayaraq bank kapitalını cüzi də olsa artırmağı unutmayıb – 67,5 milyon manatdan təqribən 68 milyon manata.
2023-cü ilin 1-ci rübündə «Günaybank»ın faiz gəlirləri 3 milyon 269 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 200 min maat azdır.
Bankın kredit portfelinin yarısı işləmədiyinə görə, kreditlərdən gələn faizlər də olduqca azdır – cəmi 2,1 milyon manat.
1-ci rübdə «Günay Bank»ın faiz xərcləri 2,7 milyon manat, qeyri-faiz gəlirləri isə 2,2 milyon manat olub.
Maraqlı yenilik – «Günay Bank»ın valyuta mübadiləsindən yenidən pul qazanması olub – rüb ərzində 860 min manat və ya əvvəlki ilin eyni dövründən 9 dəfə artıq.
Bankın qeyri faiz xərcləri də cüzi artaraq 2,5 milyon manata yaxınlaşıb. «Günay Bank» rub ərxində işçilərinə 1,15 milyon manat əmək haqqı ödəyib.
Nəticədə rübün sonuna bankın xalis mənfəəti 277 min manat olub. Bu 2022-ci ilin eyni dövründən 2 dəfə aşağıdır, həmin vaxt bankın xalis mənfəəti 577 min manat idi.