Martın 5-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbir keçirilib. FED.az xəbər verir ki, ötən ildən etibarən keçirilən tədbir bu il “Göründüyündən güclü, olduğundan zərif” adı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev bank sektorunda qadınların rolundan və bu rolun əhəmiyyətindən danışıb.
Daha sonra tədbirin spikerlərinə söz verilib. “Accessbank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov “Qadın bank sektorunda” adlı mövzu ilə çıxışı davam etdirib. Növbəti spiker “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin üzvü Sinan Ağırbaş “İşgüzar qadın, xarici təcrübə” adlı çıxış ilə xarici təcrübəni rəqəmlərlə qonaqların diqqətinə çatdırıb. Sonuncu çıxışçı-“ALPHA Coaching & Consalting” şirkətinin nümayəndəsi “Emosional liderlik” adlı təqdimat keçirib.
Sonda qonaqların sualları spikerlər tərəfindən cavablandırılıb və ABA-nın prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov təşəkkür nitqi ilə çıxış ediblər.
Tədbir zamanı qeyd edilib ki, Azərbaycan qadını cəmiyyətimizdə hər zaman aktiv rol oynamış, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü demişdir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli mənəvi dəyərlər sistemi və dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir.
Həmçinin Azərbaycan Banklar Assosiasiyası (ABA) üzvləri arasında rəhbər vəzifələrdə, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarında xanım nümayəndələr təmsil olunur və fəaliyyətimizə əhəmiyyətli töhfə verirlər. ABA bu iştirakın daha da genişləndirilməsi üçün məqsədyönlü tədbirləri mütəmadi olaraq həyata keçirdir. Bu da həmin tədbirlərin davamı kimi qeyd edilə bilər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.