Azərbaycanın aparıcı banklarından olan, kiçik və orta biznesin kreditləşməsi üzrə liderlərdən biri «Accessbank» 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilk yarım ili mənfəətlə başa vuran bankın aktivləri milyard manatı keçib.
Faiz gəlirləri və xərcləri artıb
Hesabat dövründə «Accessbank»ın faiz gəlirləri 36% artaraq 47 milyon manatdan 64 milyon manata yüksəlib.
Faiz gəlirlərinin böyük hissəsi – 63 milyon manat kredit portfelindən daxil olub. Ötən ilin eyni dövrü ilə myqayisədə artım 38%.
Bankın faiz xərcləri də artıb – 5 milyon manatlıq artımdan sonra 26,9 milyon manat.
Əmanət sahiblərinə 23 milyon ödəniş edilib
İlk yarım ildə «Accessbank» bankdakı depozit sahiblərinə 23,7 milyon manat faiz gəliri ödəyib (37% artım).
Bankın cəlb etdiyi kreditlərə görə faiz ödənişləri isə 4 milyondan 2,9 milyon manata enib.
Nəticədə yarım ilin yekununda bankın xalis faiz gəlirləri 12 milyon manat və ya 47% artaraq 37,2 milyona çatıb.
Əmək haqqı xərcləri 20% artıb
Bankın qeyri-faiz gəlirləri də 48% artaraq 4,6 milyon manat təşkil edib.
Qeyri-faiz xərclərində isə 5 milyon manat və ya 17% artım qeydə alınıb, nəticədə bu maddə üzrə xərclər 34,8 milyfon manata yüksəlib.
Bankda əmək haqları ilk yarım ildə 20% artaraq 17,7 milyfon manat olub. Ümumi və inzibati xərclərdə 1,1 milyon, digər xərclərdə isə 0,8 milyon manat artım baş verib.
7 milyon manata yaxın əməliyyat mənfəəti
Nəticədə «Accessbank» ilk yarım ili 6 milyon 955 min maat əməliyyat mənfəəti ilə tamamlayıb.
Bu vəsaitin 5,1 milyon manatı mümkün zərərlər üzrə ehtiyata ayrılıb. Nəticədə bankın xalis mənfəəti 1 milyon 840 min manat olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 2 milyon manat zərər qeydə alınmışdı.
Bank "milyard klubu"na qoşulub
İlk yarım ilin yekunlarına görə, «Accessbank»ın aktivləri 70 milyon manat artaraq 1 milyard manatı keçib.
Bu dövrdə bankın kredit portfeli 80 milyon manat artaraq 712,5 milyon manata çatıb.
Biznes kreditləri 45 milyon manat artaraq 584 milyon manata, istehlak kreditləri isə 36 milyon manat artaraq 122,5 milyon manatı keçib.
Kredit portfeli artıb
Müştərilərə verilən xalis kreditlərin məbləğində 82 milyon manat və ya 14%-ə yaxın artım var.
2022-ci ilin ilk yarım ilinin nəticələrinə görə, «Accesbank»ın öhdəlikləri ilin əvvəlindən indiyədək 69 milyon manat artaraq 911,7 milyon manat olub.
Bankdakı əmanətlər 100 milyondan çox artıb
Bankın depozit portfeli 90 milyon manat və ya 13% artaraq 780 milyon manat yaxınlaşıb. Bu dövrdə bankda fiziki şəxslərin depozitləri 102 milyon manat artaraq 659 milyon manat, hüquqi şəxslərin depozitləri isə 120,5 milyon manat təşkil edib.
2-ci rübün sonuna «Accessbank»ın kapitalı 2 milyon manat artaraq 91,7 milyon manata çatıb.